Seksual münasibətlərin sağlamlığa təsiri ilə bağlı aparılan yeni elmi araşdırma maraqlı nəticələr ortaya çıxarıb.
Gent.az xəbər verir ki, alimlərin sözlərinə görə, bəzi hallarda intim münasibət baş ağrısının azalmasına, hətta tamamilə keçməsinə səbəb ola bilər.
Bu qənaət Almaniyanın Münster Universitetinin tədqiqatçılarına məxsusdur. Onlar 100-dən çox miqren və klaster (dəstəvi) tipli baş ağrısından əziyyət çəkən şəxsi müşahidə ediblər.
Araşdırmanın nəticələrinə əsasən, seksual fəaliyyət zamanı beyində endorfin hormonu ifraz olunur. Bu hormon təbii ağrıkəsici təsir göstərir və ağrının şiddətini azalda bilir.
Məlumata görə, tədqiqat iştirakçılarının 60 faizdən çoxu intim münasibətdən sonra baş ağrısının ya azaldığını, ya da tamamilə keçdiyini bildirib. Bu xüsusilə miqren tutmaları zamanı daha çox müşahidə edilib.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu üsul hər kəs üçün eyni təsir göstərməyə bilər. Bəzi insanlarda əksinə, intim münasibətdən sonra ağrı arta da bilər. Buna görə də fərdi bədən reaksiyasını nəzərə almaq vacibdir.
Alimlər bildirirlər ki, bu nəticələr seksual münasibətlərin yalnız emosional deyil, fiziki sağlamlıq üçün də müəyyən faydalarının ola biləcəyini göstərir və baş ağrısından əziyyət çəkən bəzi insanlar üçün dərmansız alternativ rahatlama üsulu kimi dəyərləndirilə bilər.


