Yumurta hər bir ailənin gündəlik istehlak etdiyi ərzaq məhsuludur.
Son zamanlar yumurta haqqında müxtəlif xəbərlərin, videoların və narahatlığın olduğunu nəzərə alaraq, yumurta seçimində nəzərə alınmalı vacib məqamları nəzərinizə çatdırırıq.
İlk öncə yumurta alarkən yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik.
Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir.
Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır.
Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir.
Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır.
Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.
Evə gətirdikdən sonra, mətbəxdə yumurtadan istifadə etdikdə bunlara diqqət yetirin:
- Yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir.
- Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.
- Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır.
- Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır.