Dünyanın ən bahalı çantaları lüks həyat tərzini və statusu nümayiş etdirir. Bu çantalar nadir materiallardan hazırlanır və məhdud sayda istehsal olunur, bu da onların qiymətini və eksklüzivliyini artırır. Belə çantaların sahibləri arasında məşhur şəxslər, kolleksiyaçılar və yüksək gəlirli fərdlər yer alır.
Gent.az dünyadakı ən bahalı çantaları kimlərin istifadə etdiyi barədə araşdırma aparıb.
Dünyanın ən bahalı çantalarını əldə edənlər sadəcə onları gündəlik istifadə üçün almır. Bu çantalar prestij, lüks və zənginlik göstəricisi olmaqla yanaşı, kolleksiya dəyərinə və tarixi əhəmiyyətə malikdir. Bəziləri üçün bu çantalar aksesuar olsa da, başqaları üçün sərmayə və status simvoludur. Bahalı çantalar yalnız zənginlər üçün əlçatan olsa da, onların arxasındakı hekayələr hər kəs üçün maraqlıdır və bir çox insana moda dünyasında ilham verir. Bu mövzu məncə hər bir qadına maraqlı gəlir. Çünki, son illərdə markalarla gündəmə düşmək daha asan olur. Buna səbəb isə yaşadığımız dövrün və cəmiyyətin bu mövzuya güclü diqqətinin olmasıdır. Dünyamızda elə insanlar var ki, adı ilə yox, sürdüyü maşınına, yaşadığı bahalı villasına görə tanınır. Bunlardan biri də bahalı çantaları ilə gündəmə gələnlərdir.
Dünyanın ən məşhur çanta siyahısında ilk başda “Hermes Birkin” markası durur. Bu markanın çantası dünyanın ən bahalı və eksklüziv çantalarından biridir. Adını məşhur aktrisa və müğənni Jane Birkin-dən alan bu çanta, əl işi olması və nadir materiallardan hazırlanması ilə məşhurdur. Birkin çantalarının qiyməti minlərlə dollardan milyonlara qədər dəyişə bilir. Bu çantalardan istifadə edənlər də, ən az bu marka qədər dünyaca məşhur insanlardır.
Victoria Beckham: Moda dünyasının ikonası və keçmiş müğənni olan Victoria Beckhamın 100-dən çox Birkin çantası olduğu bilinir. Onun kolleksiyasının ümumi dəyərinin təxminən 2 milyon dollara yaxın olduğu deyilir.
Rosmah Mansor: Malayziyanın keçmiş baş naziri Najib Razakın həyat yoldaşı Rosmah Mansor 272 Hermes çantasına sahibdir. Onların ümumi dəyəri təxminən 13 milyon dollardır və bu çantalar onun zəngin həyat tərzinin simvolu kimi görünür.
Jamie Chua: Sinqapurlu sosialit və "İnstagram "ulduzu Jamie Chua Hermes çantalarının ən böyük kolleksiyaçılarından biridir. Onun 200-dən çox Birkin və Kelly modeli var.
Kim Kardashian: Şou ulduzu Kim Kardashian tez-tez nadir Birkin çantaları ilə paparassilərin obyektivinə düşür. Onun kolleksiyasına əl işi boyalı modellər daxildir. Bir çox insan üçün əlçatmaz olan bu çantalar zəngin kolleksiyaçılar və investorlar üçün sərmayə vasitəsidir.
2015-ci ildə Hong Kong hərracında çəhrayı timsah dərisindən hazırlanmış Birkin çantası 186,000 ABŞ dollarına satıldı. 2017-ci ildə ağ timsah dərisindən və 10.23 karatlıq brilyantlarla bəzədilmiş Hermes Himalaya Birkin modeli 373,000 ABŞ dollarına satıldı. Bir çanta üçün bu cür yüksək məbləğlər ödəyənlər var. Bahalı çantalar deyildikdə yalnız “Hermes markası” nəzərdə tutulmur.
Mouawad 1001 Nights Diamond Purse:
Dünyanın ən bahalı çantası kimi Ginnes Rekordlar Kitabına düşən bu model 3.8 milyon dollar dəyərindədir. Yüksək keyfiyyətli qızıldan hazırlanıb və üzəri 4,517 brilyantla bəzədilib.
Chanel Diamond Forever Tote Bag:
Bu model 261,000 dollardır və Chanel-in nadir daşlarla bəzədilmiş ikonası hesab edilir.
Louis Vuitton Tribute Patchwork Bag:
45,000 dollara satılan bu model yalnız 24 ədəd istehsal olunmuşdur və moda dünyasında bir əfsanə kimi yadda qalıb.
Beyonce və Jeffree Star çantalara xüsusi əhəmiyyət verən əsas məşhurlardandır. Müğənni Beyonce Hermes çantaları ilə yanaşı Gucci və Louis Vuitton kimi markaların limitli modellərinə üstünlük verir.
“YouTube” fenomeni Jeffree Star isə Birkin çantalarının kolleksiyaçısıdır. Onun kolleksiyasında unikal və fərdi dizaynlı modellər var. Bu bahalı çanta markaları zəngin kolleksiyaçıların və dəb həvəskarlarının xəyalını bəzəyir.