Cəmiyyətimizi məhvə aparan bu xəstəlik durmadan artır.
Gent.az xəbər verir ki, otuz illik mübarizədə canlı düşmənə qalib gəlsək də, nədənsə cansız düşmənə uduzmaqdayıq.
Torpaqlarımızın bütövlüyü uğrunda can verən oğullarımız şəhidlik zirvəsinə yüksəldikləri halda, bir qism gənclərimizin narkomaniya aludəçisinə çevrilməsi təəssüf hissi doğurur.
Bəs bu xəstəliyin durmadan artması nədən qaynaqlanır?
Araşdırmalar göstərir ki, insanlar uşaqlıq, yeniyetməlik və gənclik dövründə aldığı travmaları, problemləri unutmağa daim səy göstərirlər. Bəzən buna nail olsalar da, çox zaman alınmır. Bəzilərində bu, psixoloji problemlərə çevrilir, bəzilərində isə travma olaraq qalır. Çox zaman insan həyatın acı üzünə tab gətirməyərək, çıxış yolunu ya özünə qəsddə, ya da narkomaniya aludəçisinə çevrilməkdə görür. Bir neçə saatlıq olsa da, dərdini unutmaq, həzz almaq üçün bilə-bilə özünü uçuruma aparır. Sonda isə olan insanlığa olur...
Bu maddənin aludəçiləri ilk öncə özlərini cəmiyyətdən təcrid edirlər. Bu xəstəlik insanı hər dəqiqə məhv edir, göz görə-görə çürüdür. Lakin ətrafdakılar çox vaxt yardım edə bilmir, aciz halda bir insanın məhvinə şahid olurlar.
Narkomaniya insan şəxsiyyətinin alçalmasına, yox olmasına gətirib çıxarır, sanki onun beynini öldürür. İntellekt azalır, nitq pozulur. Zəiflik, halsızlıq, gərginlik müşahidə olunur. Bir neçə saatlıq həzzin verdiyi rahatlıq dünyanın qaralması ilə nəticələnir.
Narkomaniya cinayətkarlıq və zorakarlığa yol açır, xəstəliklərin yayılmasına səbəb olur, ailələri dağıdır, insanlığı öldürür. İnsanı o hala salır ki, ona qurşanan hətta sevdiklərini də təhlükə qarşısında qoyur. Yalançılıq, əxlaqsızlıq, oğurluq məhz bu bəladan başlayır.
Bir anlıq boşluq insan həyatını uçuruma aparır. İllərlə onu böyüdüb, boya-başa çatdıran ata-anasının üzünə ağ olur. İllərlə əziyyətlə qurub-yaratdıqlarını məhv edir.
Bu bəladan yaxa qurtarmaq çox çətindir. İnsanı hətta bir istifadədən belə, aludəçisinə çevirən narkotik maddələrlə uzun müddət mübarizə aparılsa da, çox zaman nəticəsiz olur.
Heyif ki, günü-gündən artan bu xəstəliyin qarşısını almaqda acizik.
Cəmiyyəti bu bəlanın çəngindən qurtarmaq üçün mütəmadi tədbirlər görülməlidir. Məktəblərdə maarifləndirmə işləri gücləndirilməlidir.
Xüsusilə valideynlər çox diqqətli olmalıdırlar. Onların bir anlıq səhlənkarlığı böyük, geriyə dönüşü olmayan nəticələrə getirib çıxara bilər. Ata-ana yeniyetiməlik, gənclik dövründə uşaqların yanında olmalı, onları başa düşməyə çalışmalıdır. Övladlarında ani baş verən dəyişikliyi psixoloqla birlikdə həll etməyə çalışmalıdırlar.(big.az)