Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu və "Basqal Hotel"-in təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi keçirilib.
Elxeber.com xəbər verir ki, tədbirdə İsmayıllı Rayon Gənclər və İdman idarəsini rəisi Taleh Salehov, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov və İsmayıllı İntellektual Oyunlar Klubunun sədri çıxış edib.
Taleh Salehov bildirib ki, bu cür intellektual layihələrin təşkili region gənclərinin fundamental inkişafına dəstək göstərir, onların peşəkar kadr kimi yetişməsində önəmli rol oynayır.
Həmçinin bildirilib ki, "Nə? Harada? Nə zaman?" intelelktual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsi regionların yarışdığı ən mötəbər turnirdir.
Azad Manaflı isə çıxışında bildirib ki, bu, region gəncləri üçün önəmli layihələrdəndir: "Gənclərin intellektual inkişafında dövlətin də xüsusi marağı var. Gələcəkdə bu tip layihələr genişləndiriləcək və gənclər üçün yeni imkanlar yaradılacaq".
Vurğulanıb ki, 5 regionda təşkil edilən seçim turunda ümumilikdə 70-dən artıq komanda mübarizə aparıb. Digər regionların da komandalarından ibarət 28 komanda finalda qalibiyyət üçün yarışıb. Lənkaran şəhərinin “ATOM” komandası III, Gəncə şəhərinin “Mindhunters” komandası isə II yerin qalibi olub. 2022-ci il üzrə Regional Azərbaycan Çempionu Gədəbəyin “Liberland” komandası olub. Qalib komandalar layihənin dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən hədiyyələr, kubok və medallar ilə mükafatlandırılıb.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd regionların intellektual potensialının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaqdır.