Faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 faizə yuxarı həddi isə yenə də 9,25 faizə müəyyən olunub.
“Faiz dəhlizinin eninin daraldılması qərarı bu ilin avqust ayında pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib. Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır”, - deyə AMB bəyan edib.
Gent.az xəbər verir ki, Mərkəzi Bankın uçot dərəcəsinin onun banklara verdiyi faiz dərəcəsi olduğunu deyən bank məsələləri üzrə ekspert iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, faiz dərəcəsinin artırılması Mərkəzi Bankın inflyasiya ilə mübarizə aparması deməkdir:
"Sözügedən faiz dərəcəsi ilə AMB kommersiya banklarına kredit verir. Bu faiz də artımın olması isə kommersiya banklarının əhaliyə və sahibkarlara daha bahalı kredit verməsi deməkdir. Kredit faizi artığı üçün isə iqtisadi aktivlik azalır. Bu isə qiymət artımının qarşısını alır. Nəzəriyyədə və aparıcı xarici təcrübədə bu belədir. Lakin Azərbaycanda bu mexanizm işləmir. Yəni bizdə faizin qalxıb-düşməsinin heç nəyə təsiri yoxdur. Çünki AMB həmin faiz dərəcəsi ilə çox az banka kredit verir. Bütün kommersiya banklarına kredit verilmədiyi üçün isə heç bir təsir olmur. Bu günlərdə ABŞ-nin də Federal Ehtiyat Sistemi faiz dərəcəsinin artırdı. Orada bütün banklara kredit verildiyi üçün bahalaşma oldu. Bizdə isə ümumiyyətlə, hələ 10 il öncə Mərkəzi Bankın faiz dərəcəsi 2-3 idi. Ancaq o zaman da kommersiya banklarının kredit faizləri indikindən də çox idi. Bu baxımdan da bu artımın heç bir təsiri yoxdur və formaldır. Əgər Mərkəzi Bank bütün kommersiya banklarına kredit verərsə bu effektiv olardı. Bununla isə Mərkəzi Bank sadəcə inflyasiya ilə mübarizə apardığını göstərməyə çalışır".