21 fevralda Moldovanın paytaxtı Kişinauda Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi, Moldova Azərbaycan Konqresinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moldova Tarix muzeyində Xocalıya həsr olunmuş konfrans keçirilib. Tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan Respublikası Milli Məclisin deputatları, Moldova rəsmiləri, ictimai-siyasi xadimlər, azərbaycan diasporun üzvləri, Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərləri – qardaş Türkiyə, Bolqarıstan, Qətər, İsrail, Rumıniya, Qazaxıstan səfirləri, o cümlədən bu ölkədə yəhudi ictimai təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
İlk öncə qonaqlar Moldova Tarix muzeyinin foyesində təşkil olan Xocalı soyqırımını əks etdirən foto şəkillər ilə tanış olublar.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımı haqqında broşürlər, lifledlər, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra konfransda Xocalı qoyqırımı haqqında “Histogram #Khojaly” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov konfrans iştirakçılarına Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından söz açıb, erməni quldurların xalqımıza qarşı həyata keçirtdikləri etnik təmizləmə siyasəti nəticəsində törətdikləri cinayətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlıqla seçildiyini qeyd edib. Səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi, torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəticəsində xalqımızın başıuca gəzdiyini bildirib.
Diplomat tədbirdə iştirak edən Moldova Azərbaycan Konqresinin gənc üzvlərinə səslənərəq, Xocalı soyqırımının Moldova Parlamentində tanınması istiqamətində təşəbbüskar olmağa çağırıb.
Sonra tədbirdə Moldova Respublikası Prezidenti Apparatının rəhbəri Andrey Spınu çıxış edib. O dünyanın istənilən yerində işğalçı siyasətin yolverilməz olduğunu qeyd edib, Xocalı soyqırımına bənzər dəhşətli ağlasığmaz hadisələrin təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Andrey Spınu Azərbaycana səfərlərini xatırlayaraq, ölkəmizdə şahidi olduğu hərtərəfli inkişafdan söz açıb, dövlətimizə dəstəyini ifadə edərək, Moldovanın Azərbaycanın kədərini bölüşdüyünü bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Mirkişili çıxışında Xocalı faciəsinin Birinci Qarabağ müharibəsində ən qanlı, ən irimiqyaslı faciə olduğunu bildirib. O bunun Azərbaycan xalqının gözləmədiyi anda qonşu erməni xalqı tərəfindən qəddarcasına törədildiyi söyləyərək, Xocalı faciəsini yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayyət adlandırıb. Bu hadisələrin bir daha təkrarlanmaması üçün bütün ölkələrin Xocalı soyqırımını qınamalı olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Moldova Parlamentinin deputatı, Azərbaycan ilə Moldova parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən sədri Vitaliy Jakot çıxışında Xocalı soyqırımı törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb. “Bu ona görə lazımdır ki, buna bənzər dəhşətli hadisələr nə indi, nə də gələcəkdə təkrarlanmasın”, - deyə millət vəkili qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Soltan Məmmədov çıxışında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbiri yüksək qiymətləndirərək, Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətindən danışıb. O, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası vasitəsi ilə faciə ilə əlaqədar erməni millətçilərinin əsl simasını ifşa edən dəhşətli faktların geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında kampaniayanın böyük rolunu vurğulayıb. Millət vəkili Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı, azərbaycanlı deputat Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin gündəmdə olduğunu, regionda bütün xalqların marağında olan sülhün və əminamanlığın bərqərar olması üçün ölkəmiz tərəfindən həyata keçirilən siyasətdən söz açıb.
Moldovalı siyasi təhlilçi, politoloq Ruslan Şevçenko Xocalı soyqırımını törədən erməni cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cavab verməsinin vacibliyini vurğulayıb, bu dəhşətli faciənin iddia vaxtının olmadığını qeyd edib.
Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması və bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə hər il Moldovada təşkil edilən tədbirlərdən söz açıb, gənc azərbaycanlıları öz faciəvi tarixini unutmamağa çağırıb.