Gündəlik həyatı daha səmərəli keçirmək üçün lazım olan ən vacib məsələ zəruri həyat ehtiyacı olan yuxudur. Keyfiyyətli və müntəzəm yuxu həm zehni, həm də bədəni bəsləyir və sağlam qalmağa kömək edir.
Xüsusilə, gecə gec yatıb, səhər tez oyanırsınızsa, bu yazımız tam sizə görədir. Yuxusuz qalıb dərsə, işə getmək, gün ərzində aktiv qalmaq həm zehni, həm psixoloji, həm də fiziki cəhətdən neqativ hallar yaşamağa səbəb olur. Bəs bilirsinizmi, yuxusuzluq problemindən telefonunuzun köməyi ilə xilas ola bilərsiniz. Keyfiyyətli yuxu üçün sizə kömək edəcək mobil tətbiqləri təqdim edirik:
"RAIN RAIN SLEEP SOUNDS"
Gündəlik həyatın qaçaqaçı və ən əsası stress yuxu probleminə gətirib çıxarır. Yuxusuz qalmaq iş keyfiyyətini azaldır və sizi aqressiv hala gətirməklə yenidən stres altına salır. Bundan qurtulmaq istəyənlər bu tətbiqin köməyi ilə dərin yuxuya gedə bilərlər. Bir çox variantda təklif olunan yağış səsləri ilə rahatlayacaq və sakitləşəcəksiniz. Yağış səsi ilə yata bilməyənlər üçün tətbiqdə ildırım, yanan ocaq kimi fərqli səslər də mövcuddur.
"SLEEPIO"
Bu tətbiqin köməyi ilə yuxu rejiminizi yaratmaq daha asan olacaq. Yata bilməyənlər dərmandan istifadə etmək əvəzinə, alternativ müalicə üsullarına üstünlük verirlər. Bu məqamda "Sleepio" şüuraltı terapiya üsulu ilə köməyinizə çatacaq. Mütəxəssislər tərəfindən hazırlanan məlumat və təkliflərdən ödənişsiz faydalana bilərsiniz. Tətbiqin ən yaxşı xüsusiyyəti isə sizin yatmaq, durmaq saatlarınız kimi şəxsi məlumatlarınızdan istifadə edərək individual proqram hazırlamasıdır.
https://www.sleepio.com/mobile/
"CALM"
“Calm” meditasiya, stressin qarşısının alınması, asan yuxuya getmək kimi bir çox faydaları olan məşhur tətbiqlərdən biridir.
Yuxuya getməzdən əvvəl meditasiya ilə məşğul olmaq bu prosesi asanlaşdırır və səmərəliliyi xeyli artırır. Tətbiqin sayəsində nəfəs alış-verişini tənzimləmək və bütün diqqətinizi nəfəs məşqlərinə yönəldərək stress səviyyəsini azaltmaq mümkün olur. Tətbiqin sloqanında da deyildiyi kimi "Öz sakitliyinizi tapın. Daha çox yuxu. Daha az stress. Daha yaxşı həyat".
"PILLOW"
Bu tətbiq də ən faydalı yuxu izləmə köməkçilərindən biridir. "Pillow" IOS istifadəçilərinə rahat yuxuya getmək üçün faydalı üsullar təklif edir. Proqramı "Apple" saatlarınıza qoşaraq istifadə etmək də mümkündür. Tətbiqin detallarına aşağıdakı linkdən baxa bilərsiniz.
https://neybox.com/pillow-sleep-tracker-en
"SLEEP GENIUS"
Nevrologiya və yuxu mütəxəssisləri tərəfindən hazırlanmış bu tətbiq sayəsində yuxu rejiminiz qaydasına düşəcək. Tətbiqin ən yaxşı özəlliyi bir çox xüsusiyyətlərə malik olmasıdır. Belə ki, bu tətbiq həm yuxu analizinizi edir, həm sizə fərdi plan hazırlayır, həm də uzun araşdırmalar nəticəsində ortaya çıxan melodiyalarla rahatlamağınızı təmin edir.
Tətbiqə daxil olanda sizi olduqca maraqlı məlumat qarşılayacaq. Tətbiqin yaradıcıları özlərinin ən əhəmiyyətli yuxu proqramını yaratdıqlarını iddia etməklə yanaşı, "NASA"-ya kosmosda astronavtların yuxu məsələləri ilə bağlı kömək etdiklərini də qeyd edirlər.