“iPhone 16” istifadəçiləri telefonlarını intensiv istifadə etməsələr də batareyanın sürətlə azaldığını bildirirlər.
Gent.az xəbər verir ki, problem təkcə “iPhone 16” seriyasına aid telefonlarla məhdudlaşmır, iOS 18 yeniləməsini alan köhnə “iPhone” modellərində də oxşar şikayətlər var.
“iPhone 16” modellərinin yenicə satışa çıxmasına baxmayaraq artıq istifadəçilər tərəfindən saysız şikayətlər daxil olmağa başlayıb. İstifadəçilər bildirirlər ki, hətta telefonları istifadə etməsələr belə batareya xeyli azalır.
Məsələn, “iPhone 16 Pro Max” istifadəçisi cihazını 3-4 saat istifadə etmədən kənara qoyduğu zaman batareyanın təxminən 15-20 faiz azaldığını bildirib.
Başqa bir istifadəçi “iPhone 16” modelini bir gecədə tam doldurulmuş və istifadə edilməmiş qoyanda səhər saatlarında batareyanın 18 faizə düşdüyünü bildirib. Batareyaların belə tez azalmasının səbəbləri isə hələ ki, aydın deyil.
“Apple” bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Bununla belə, problemin proqram təminatının yenilənməsi ilə həll olunacağı gözlənilir.