Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Gent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb.
Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxlanılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.
“Məktəblərdə vəziyyət stabildir. Təkcə Nərimanov rayonunda yerləşən məktəbdə yoluxma qeydə alınıb. Bununla bağlı da dünən məlumat yaymışıq”, - deyə Cəsarət Valehov bildirib.(baku.ws)