Bir vaxtlar çox kiçik bir fransız atelyesi olan "Cartier" bu gün dünyada ən lüks markalardan biridir. Bu marka bir çox zərgərlik məhsulları istehsal etsə də, daha çox saatları ilə fərqlənir. Elə "Cartier"in dünyada məşhurlaşması da saatlarla bağlıdır. Əvvəlcə, onlar qadın saatlarını dünya ictimaiyyətinə təqdim etsələr də, bu, uğurlu olmadı. Çünki o dövrdə uzun qollu paltarlar və əlcəklər dəbdə idi. Şirkət 1906-cı ildə ilk dəfə bir aviatorun öz istəyi ilə kişi qol saatı nümunəsi yaratdı və bununla da, dünyada öz sözünü deyən saat istehsalçılarından birinə çevrildi. Hər il yeni kolleksiyası ilə sevənlərinin qarşısına çıxan markanın builki kolleksiyası isə hər kəsi təəccübləndirməyi bacarıb.
Dairə içərisindəki kvadrat forma və qrafik detalları ilə "Pasha", orijinal dizaynındakı düzbucağın genişləndirilməsi və rəqəmlərin 30 dərəcə sağa doğru əyilməsi nəticəsində yaranan "Tank Asymétrique", Lui Kartye tərəfindən keçmişdəki gələcək olaraq dizayn edilən "Santos-Dumont"…
Məşhur markanın "Unexpected Encounters" başlığı altında çıxartdığı yeni modelləri təqdim edirik:
Etibarlı qrafik imzası olan ekstrim bir saat: "Pasha de Cartier"
Dairə içərisində kvadrat və dörd böyük ərəb rəqəmi ilə qeyri-adilik yaradan bu saat orijinal modelə sadiq qalsa da, daha mürəkkəb formada dizayn edilib.
Fərqlilik yaradan "Tank Asymétrique"
Saat sadəcə düzbucaqlı, dairəvi, kvadrat olmalıdır? Əgər belə düşünürsünüzsə, asimmetrik dizaynı ilə bu saat fikirlərinizi dəyişdirəcək. Saatın kənarları qızılı, çəhrayıya çalan qızılı və gümüşü rəngli versiyaları var.
Bu günün saatı: "Santos de Cartier"
Platin çərçivənin daxilində maili 12 roma rəqəminin yer aldığı bu saatın xüsusiliyi 100 ədəd məhdud sayda buraxılmış olmasıdır. Saatı bu qədər özəl edən amilin
nə olduğunu bilmək istəyirsiniz? O zaman markanın yuxarıda yazdığımız tarixçəsinə diqqət edin.
Saatın arxa hissəsinə aviatorun arzusuna əsasən "Le Brésil" yəni “ən gözəl” sözləri həkk olunub. Saatın yaradıcısı bu modelə ilk müştərisinin fikrini əbədiləşdirib. Buna görə də, deyilir ki, saat həm keçmişin, həm də gələcəyin izlərini özündə əks etdirir.
Qeyd edək ki, əgər saatları daha detallı incələmək, əldə etmək istəyirsinizsə, "Cartier"in rəsmi səhifəsinə baxa bilərsiniz.