Bakıda 14 yaşlı yeniyetmə uşaq dünyaya gətirib.
Gent.az xəbər verir ki, 2011-ci il təvəllüdlü qız bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, fakt ciddi narahatlıq doğurur və dərhal müdaxilə tələb edir:
“Komitə belə hallarla bağlı fəaliyyətini həm hüquqi, həm də sosial müdaxilə mexanizmləri əsasında həyata keçirir. Faktla bağlı artıq rayon icra hakimiyyətinə rəsmi müraciət olunub. Yeniyetmənin təhlükəsizliyi, vəziyyəti və hüquqlarının qorunması yönündə təcili tədbirlər görülür. Əsas prioritetimiz onun hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və qanun pozuntusuna yol verən şəxslərin qanunvericilik qarşısında cavab verməsidir.”
TƏBİB bildirir ki, 11 dekabr 2025-ci il tarixində saat 01:45 radələrində yeniyetmə şiddətli qarın sancısı ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
USM müayinəsi zamanı 36 həftə 4 günlük hamiləlik, baş gəlişi, DQVEC – doğuşun I dövrü diaqnozu müəyyən edilib və qız Ginekologiya şöbəsinə yerləşdirilib. Əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
Abdominal doğuş icra edilib; körpənin çəkisi 2600 qram, boyu 47 sm olub. Hazırda həm ana, həm də körpənin vəziyyəti qənaətbəxşdir.
Hüquqi tədbirlər:
Əldə olunan məlumata görə, hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılacaq.


