“Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo millidə oynamaqdan imtina edən futbolçulardan əsəbiləşdiyini bildirib.
Gent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (FFP) mətbuat xidməti məlumat yayıb.
“Portuqaliya yığmasında oynamaq istəməyən bəzi futbolçulardan əsəbiləşirəm. Milli komandada oynamaqdan həzz alın, vaxt uçur! Ölkənizi və mədəniyyətinizi təmsil etməkdən gözəl heç nə yoxdur”, - Ronaldo bildirib.
Kriştiano Ronaldo milli komandada keçirdiyi oyunların (216) və vurduğu qolların (133) sayına görə dünya rekorduna sahibdir. O, 2003-cü ildən Portuqaliya millisində çıxış edir və Avropa Çempionatının (2016) və Millətlər Liqasının (2019) qalibi olub.
Millətlər Liqasının (A) 1-ci qrupunun turnir cədvəlinə Portuqaliya millisi başçılıq edir. Noyabrın 15-də portuqaliyalılar evdə Polşa millisi ilə qarşılaşacaq.