Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dövrümüzün üç ən yaxşı futbolçusunun adını açıqlayıb.
Gent.az xarici mediaya istinadla bildirir ki, Ronaldo deyib: "Yəqin ki, özümü, Lionel Messi və Zinəddin Zidanı ilk üç oyunçu siyahısına daxil edərdim".
Bu mövsüm 40 yaşlı Ronaldo "Əl-Nəsr"ın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Kriştianonun Səudiyyə Ərəbistanı liqa klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir. Ümumilikdə Ronaldo klub səviyyəsində və milli komandada karyerasında 930 qol vurub.
Kriştiano Ronaldo beşqat "Qızıl top"un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Portuqaliya millisi ilə 2016-cı ildə Avropa Çempionu və Millətlər Liqasının qalibidir.
Lionel Messi MLS-in "İnter Mayami" klubunda çıxış edir. 37 yaşlı argentinalı yeni mövsümdə 8 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Messinin 8 "Qızıl top" mükafatı da var. O, tarixin ən çox mükafat alan futbolçusudur. Argentinalı milli komanda ilə 2022-ci il dünya çempionatı da daxil olmaqla, 46 komanda kuboku qazanıb.
Zinəddin Zidan futbolçu karyerasını 2006-cı ildə başa vurub. Fransız futbolçu 1998-ci il Dünya Kubokunu və Avro-2000-nin qızılını qazanıb. Zidan “Real” ilə Çempionlar Liqasının qalibi olub. Klub səviyyəsində futbolçu 690 oyun keçirib, 125 qol vurub və 142 məhsuldar ötürmə edib.