Azərbaycanın ilk milyonçularından, olan Dilbazi Aleksandr Raşidoviç dövlət başçısı İlham Əliyevə müraciət edib.
Gent.az xəbər verir ki, iş adamı müxtəlif ölkələrdə yaşayan Azərbaycan əsilli 150 sahibkarın adından Azərbaycan Prezidenti İlham Əliyevə rəsmi müraciət ünvanlayıb.
Xarici ölkələrdə aktiv sahibkarlıq fəaliyyəti göstərən bu şəxslər Azərbaycanın azad olunan Qarabağ torpaqlarında texnoloji klasterin inkişafı və azad iqtisadi zonanın yaradılması üçün "MIZAN" ortaq fondu vasitəsilə 1 milyard ABŞ dolları həcmində investisiya yatırım etmək arzusundadırlar.
Qeyd edək ki, Azərbaycanda doğulan Dilbazi Aleksandr Raşidoviç 1991-1995-ci illərdə özəl bank, sığorta, inşaat, ticarət və logistika şirkətlərini əhatə edən "MIZAN" şirkətinə başçılıq edib.
Azərbaycanın ən gənc və ən uğurlu sahibkarlarından biri olan A. Dilbazi savad və çalışqanlığı sayəsində qısa müddətdə böyük uğurlar əldə edib, müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb, Azərbaycanda bir sıra qanun layihələrinin müəllifi olub.
2001-ci ildə Dilbazinin başçılıq etdiyi "PROMTEK GROUP" şirkəti Rusiyanın enerji resurslarının təchizatı ilə məşğul olan 100 ən böyük şirkətlərin sırasına daxil olub.
Xeyriyyəçi, rəssam, bir sıra rəsm sərgilərinin və incəsənət, iqtisadiyyat, beynəlxalq əlaqələr sahəsində məqalələrin müəllifi olan Raşidoviç hazırda Moskvada yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Fəal ictimai xadim kimi tanınan Dilbazi, həmçinin, müxtəlif forumlarda iştirak edir. O, Yaxın Şərq, Türkiyə, İran kimi ölkələrdə aktiv biznes əlaqələrinə malikdir.(big.az)