Musiqi ilə kino arasında xüsusi bir əlaqə var. Bir-birilərini başa düşür, tamamlayır, yüksəldirlər. Bəzi filmlər var ki, bir replika, ya da səhnədən daha çox musiqiləri ilə xatırlanır, məsələn “Kriminal qiraət” (Pulp Fiction), “Əbədiyyət və Gün” (Eternity and a Day”, “Ameli” (Amélie) və s. Bəzi filmlər isə özünü tamamilə musiqiyə həsr edir, hekayəsini də, görüntüsünü də musiqi ilə izah edir. Bir-birindən güclü 2 sahənin bu qədər çox bir araya gələnini tapmaq çətindir. Bu yazımızda da musiqi ilə kinonun birləşməsinin ən yaxşı nümunələrini təqdim edirik:
“Bu odur”- “This is it” (2009)
Əslində, bu film təşkil olunmuş eyni adlı konsertdən götürülən kadrlar əsasında çəkiləcəkdi. Lakin popun kralı Maykl Cekson 25 iyun 2009-cu ildə vəfat edəndə konsertə hazırlıq görüntülərinə onun haqqında olan təriflər, uşaqlıq və gənclik illərindən videolar əlavə edildi və bu film ərsəyə gəldi. Filmin bütün hüquqlarını alan “Sony” rekord izləyiciyə çatan sənədli filmlə milyon dollar qazandı, sənətçinin pərəstişkarları isə şirkəti və ailəsini onun ölümünü ticarətə çevirməkdə günahlandırdı. Onlar iddia edirdilər ki, mükəmməliyi sevən musiqiçi onu adi bir insan kimi göstərən bu qeyri-peşəkar görüntüləri seyr etsəydi, əsəbdən öləcəkdi. Onlar da haqsız sayılmırdılar. Çünki Maykl Cekson sirli imicini son nəfəsinə qədər qorumağı bacarmışdı.
“Körpüdən keçərkən”- “Crossing the bridge” (2005)
Qədəh toqquşdurma səsinə pişik miyoltusu, azana dalğa səsi qarışır. Sezen Aksu, Orxan Gəncəbay, Cəza, Duman mahnı ifa edirlər. İstanbulun bütün səsləri olmasa da, ən vacibləri Fatih Akının rejissoru olduğu bu filmdə bir araya gəlir. Təqdim olunduğu tarixdə bir qədər şərq üslubu qəbul edilsə də, bu sənədli film bir başqadır. Film izləmək və musiqi dinləmək arasında qərar verə bilmirsinizsə, bu filmi izləyin, ikisini də eyni anda edəcəksiniz.
“Lyuin Davisin daxili”- “İnside Llewyn Davis” (2013)
Film 60-cı illərin ilk yarısında ABŞ-ın Qrinviç bölgəsində yaşayan yaxşı musiqiyə, düzgün ifaya heyran, adi popdan, yeni dəb işlərdən və təqlidi xalq musiqisindən nifrət edən sənətçi Lyuin Davisin inandığı şeyləri edərək qazanc əldə etmə hekayəsindən bəhs edir. Kann kinofestivalında münsiflərin özəl mükafatını qazanan bu filmdə bol-bol keyfiyyətli musiqi dinləyəcəksiniz.
“Emi”- “Amy” (2015)
Emi Uaynhausun (Amy Winehouse) qeyri-adi səsini, inadkarlığını və ümidsiz melanxoliyasını bilirdik, ancaq nə qədər əyləncəli qadın olduğunu Asif Kapadia tərəfindən çəkilən “Amy” sənədli filmindən öyrəndik. O, çıxdığı televiziya proqramlarında verilən sualları məntiqlə cavablandıran, dost-tanış arasında sevinc yayan, ən çətin zamanlarında belə zarafatlar edən əyləncəli bir qadındır. Eminin ölümündən sonra çəkilən bu sənədli filmdə yerli-yersiz çıxıb danışan əvvəlki həyat yoldaşı Bleyk Filder xaric hər şey möhtəşəmdir. Hər bir görüntüdə 23 iyul 2011-ci ildə Londondakı evində alkoqol zəhərlənməsindən həyatını itirən Emi üçün daha çox darıxacaqsınız.
“Vəsvəsə”- “Whiplash” (2014)
İstedadlı tələbəsini canını alanadək işlədən konservatoriya müəllimi Fletçer və müəllimindən “afərin” almaq üçün ölənə qədər çalışmağa hazır olan gənc və qətiyyətli caz nağaraçısı (zərb alətləri ifaçısı) Endryu... “Whiplash” son zamanlarda izləyicilərini ən çox ikiyə bölən filmlərdən biri oldu. Uşağını hər yola əl ataraq imtahanlara hazırlaşdıran valideynlərdən təriflər aldı, musiqinin bir ehtiras olduğunu və xüsusilə də, cazın ürəkdən gəldiyini iddia edənlərin qəzəbinə səbəb oldu. Buna baxmayaraq, 5 kateqoriyada “Oskar” mükafatına namizəd olan film “Birinə pislik etmək istəyirsənsə, ona afərin de” kimi replikaları ilə unudulmazlar arasına daxil oldu.