Bu reseptlə ev şəraitində restoranlarda yediklərinizdən fərqlənməyən çox dadlı burger hazırlaya bilərsiniz:
Əvvəlcədən mal ətindən hazırladığınız 200 qram qiyməyə 1 yumurta, 1 yemək qaşığı un, yarım çay qaşığı soda, duz və istiot əlavə edib qarışdırın.
Əti kənarda gözlədib "Biq Mak"ın əfsanəvi sousunu hazırlamağa başlayın.
2 yemək qaşığı mayonezi 3 çay qaşığı ketçup və 1 çay qaşığı xardal ilə qarışdırın. Üzərinə kiçik-kiçik doğranmış xiyar turşusu və 1 baş soğan əlavə edin. İstəyə görə, turşunun suyundan da 3-4 çay qaşığı qata bilərsiniz.
Sıra ədviyyatlardadır: 1çay qaşığı toz soğan, toz sarımsaq, acı bibər, üzüm sirkəsi və yarım çay qaşığı hisə verilmiş paprika (şirin bibər) əlavə edin. Dadına baxın, azdırsa, duz tökə bilərsiniz. Nəhayət, dadlı sousunuz hazırdır.
Böyük bir soyuducu torbasının hər iki kənarını kəsin. İçini əlinizlə islatdıqdan sonra hazırlayıb kənara qoyduğunuz əti torbanın içinə yayın.
Oxlov ilə torbanın üzərindən keçin, əti nazik hala gətirin. Sonra bir kasanın köməyi ilə ətdən dairələr kəsin. Əvvəlcədən isidilmiş tavada çox az yağın içində ikitərəfli qızardın.
Ətin iki tərəfi də bişəndən sonra üzərinə 2 dilim çeddar pendiri qoyun.
3 ədəd hamburger çörəyini ortadan ikiyə bölün. İstəyə uyğun olaraq, tavada biraz qızarda bilərsiniz. Çörəklərin alt və üst tərəflərinə hazırladığınız sousu çəkin.
Sousun üzərinə incə doğranmış kahı qoyun. Daha sonra pendirli ət və bir qat da çörək qoyun.
Üzərinə yenidən sous çəkin, kahı qoyun və incə dilimlənmiş turşu əlavə edin. Əti bir daha da qoyun, amma bu dəfə pendirdən istifadə etməyin. Son olaraq, çörəyi ən üstə qoyun və “Biq Mak”ınız hazırdır.
Nuş olsun!