Bakıda T.R. adlı şəxs sinif yoldaşı M.X.-nin evinə qonaq gedərək oğurluq edib.
Gent.az xəbər verir ki, ilk hadisədə o, ev sahibinin diqqətsizliyindən istifadə edərək paltar dolabını açıb və zərərçəkmişə məxsus 3 800 manatlıq brilyant qaşlı kulonlu boyunbağı, 210 manatlıq qızıl sırğa və 800 manatlıq “Tiffany” boyunbağını oğurlayıb.
T.R. bununla kifayətlənməyərək, M.X. evdə olmadıqda mənzilə yenidən daxil olub və əlavə olaraq 1 475 manatlıq qızıl qolbaq, 880 manatlıq kulon, 1 050 manatlıq sırğa, 660 manatlıq üzük, 1 925 manatlıq boyunbağı və 1 210 manatlıq sırğa oğurlayıb. Beləliklə, zərərçəkmişə ümumilikdə 12 010 manat ziyan dəyib.
Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra T.R. saxlanılıb və ona Cinayət Məcəlləsinin oğurluqla bağlı bir neçə maddəsi ilə ittiham elan edilib: təkrar törədilən oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaq və xeyli miqdarda ziyan vurmaq.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə T.R. ittihamı qəbul edib. Məlum olub ki, zərərin bir hissəsi ödənilib. Məhkəmə hökmü ilə T.R.-ə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Saxlanıldığı müddət – iki gün – cəza müddətindən çıxılıb və nəticədə 11 ay 26 gün azadlığın məhdudlaşdırılması qərara alınıb.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıb, zərərin bir hissəsi ödənilib və digər yüngülləşdirici halları nəzərə alınıb.