Salyan rayonunun Aşağı Kürkünd kəndində ailə mübahisəsi zamanı kişi arvadını bıçaqlayıb.
Gent.az-ın məlumatına görə, 50 yaşlı Musa Ələkbərov (ad və soyad şərtidir) səhər saatlarında spirtli içki içmək istəyib, lakin evdə araq və onu almağa pulu olmayıb. O, bir neçə ay əvvəl aldığı xoruzu bazarda 7 manata sataraq, həmin pulla “Mançester” siqareti və 250 qramlıq araq alıb.
Səhər yeməyi zamanı içkini qəbul etdikdən sonra sərxoş olan kişi arvadı ilə mübahisə edib. Qadın ev quşunu satdığı üçün ərinə etiraz edib. Mübahisə zamanı Musa Ələkbərov bıçaqla həyat yoldaşının qoluna xəsarət yetirib. Yaralı qadın oğlu tərəfindən xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Hadisə ilə bağlı Musa Ələkbərov barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərərvurma) ilə cinayət işi açılıb.
Məhkəmədə o, əməlindən peşman olduğunu bildirib və həyat yoldaşı ilə barışmaq istədiyini, lakin bunun alınmadığını deyib. Həmçinin, xəstə anasına baxdığı üçün məhkəmədən həbs olunmamaq barədə qərar verilməsini xahiş edib.
Salyan Rayon Məhkəməsinin hakimi Rüstəm Alıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


 
         
         
         
        