Culfada 8 aylıq hamilə Gülcan Allahverdiyevanın ölümü ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb.
Gent.az xəbər verir ki, ittihama görə, Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinin mama-ginekoloqu Zülfiyyə Ağayeva xidməti vəzifələrini səhlənkarlıqla yerinə yetirib və bu səhlənkarlıq G.Allahverdiyevanın ölümünə səbəb olub.
Culfa Rayon Məhkəməsinin qərarına əsasən, Z.Ağayeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq nəticəsində ölümə səbəb olma) ilə təqsirli bilinib. O, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bundan əlavə, 58 yaşlı həkim 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib və ömürlük həkimlik fəaliyyətindən uzaqlaşdırılıb.
Ekspertiza rəyi göstərib ki, G.Allahverdiyevaya göstərilən tibbi xidmət qüsurlu olub. Hamiləyə vurulmalı dərman preparatları düzgün dozada və qaydada tətbiq edilməyib — inyeksiya venadaxili yerinə əzələ daxilinə edilib. Bundan başqa, çağırışa gələn tibb briqadasında ixtisaslı həkim olmayıb və təcili yardım maşınında defibrilyatorun (şok cihazının) olmaması da məhkəmədə təsdiqlənib.
Araşdırma zamanı məlum olub ki, G.Allahverdiyevanın hamiləliyin 33–34-cü həftəsində zülal səviyyəsi və təzyiq göstəriciləri normadan yüksək olub. Buna baxmayaraq, Z.Ağayeva əlavə müayinələrin aparılmasını təmin etməyib.
Nəticədə, hamilə qadın hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu və kəskin ağciyər–ürək çatışmazlığı səbəbindən vəfat edib.
Məhkəmədə həmçinin sübuta yetirilib ki, Z.Ağayeva "Mama-ginekoloqun vəzifə təlimatı"nın tələblərinə əməl etmədiyi üçün başqa bir hamilə qadının körpəsinin ölümündə də məsuliyyət daşıyır.
Qeyd edək ki, mərhum Gülcan Allahverdiyeva Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsində nəqliyyat mühəndisliyi ixtisası üzrə qiyabi təhsil alırdı. O, xəstəxanaya aparılarkən təcili yardım maşınında yolda dünyasını dəyişib.


