Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda qonşusunu öldürməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Gent.az-ın məlumatına görə, proses hadisə yerinə quraşdırılmış nəzarət kameralarının görüntülərinin nümayişi ilə davam edib. Dövlət ittihamçısı çıxışında Elşən Rzayevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmişin hüquqi varisi Rəfaqət Quliyeva isə məhkəmədən E. Rzayevə ən ağır cəzanın verilməsini istəyib.
Müşavirədən sonra məhkəmə hökm elan edib: Elşən Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini Bəyiş Quliyev aldığı kəsilmiş-deşilmiş xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub və onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


