Son zamanlar kişilərdə daha uzun boylu olmaq istəyi yaranıb. Boy genetik xüsusiyyət olaraq ana-atadan uşağa keçdiyi üçün təəssüf ki, qısa boylu kişilərin boylarını artırmaları mümkün deyil. Bioloji cəhətdən mümkün olmasa da, verəcəyimiz taktikalarla daha uzun görünə bilərsiniz. Boyunuzdan şikayət edirsinizsə, bu üsulları tətbiq edin.
Qısa boylu kişilər necə geyinməlidir?
- Uzununa zolaqlı paltarlar geyinin. Qarderobunuzda mütləq dik zolaqlı kostyumlar və şalvarlar olsun. Belə paltarlar boyunuzu daha uzun göstərəcək. Eninə zolaqlı geyimlərdən isə qaçın, onlar sizi olduğunuzdan daha qısa göstərəcək.
- Uzun və boş paltarlar geyinməyin. Geyim seçərkən belinizə tam oturan modellərə üstünlük verin. Gödəkcələrinizin qolunun da uzun olmamasına diqqət yetirin.
- Tünd rəngli paltarlar seçin. Tünd rənglər sizin kilonuzu gizlədərək boyunuzun daha uzun görünməsinə səbəb olacaq. Açıq rəngli paltarların boyunuzu qısa göstərəcəyini unutmayın.
- Tək rəng geyinin. Geyiminizdə nə qədər az rəng olsa, bir o qədər uzun görünəcəksiniz.
- Kəmərdən istifadə etməyin. Əgər mütləq istifadə etməlisinizsə, şalvarınızla eyni rəng kəmər seçin.
- İncə qalstukdan istifadə edin. İncə modellər boyunuzu daha hündür göstərəcək.
- Şalvarlar bu məsələdə böyük rol oynayır. Ayaq hissəsi dar olan və qısa şalvarlar sizi daha uca boylu göstərəcək.
- Aşağı belli şalvarlar geyinməyin. Bu şalvarlar boyunuzu daha qısa göstərəcək, yüksək belli şalvarları seçə bilərsiniz.
Uzun görünmək üçün saç düzümü necə olmalıdır?
Sadəcə geyim yox, saçınız da boyunuzu uca göstərməyə kömək edəcək. Saçlarınızın üst hissəsini yanlara nisbətən daha uzun saxlasanız, boyunuz bir qədər hündür görünə bilər. Gündəlik həyatınızda saçınızı dik, yuxarı daramağa üstünlük verin.
Dik durmağı öyrənməlisiniz
Dik durmaq sizi daha uzun göstərəcək. Bir çox insan boyu kifayət qədər uzun olduğu halda, dik durmadığı, düz gəzmədiyi üçün olduğundan daha qısa görünür.
Özünüz və boyunuzla barışın!
Müxtəlif göz hiylələri ilə boyunuzu uzun göstərə bilərsiniz. Amma bu, sizi daha uca boylu biri etmir. Boyunuzla barışın, siz öz boyunuzla da yaraşıqlısınız.