Baxımlı bəylər üçün qoxu mütləqdir. Diqqətlə seçdiyiniz ətir daxil olduğunuz hər məkanda sizi xatırladacaq. Bəs səhər istifadə etdiyiniz ətir qoxusunun gün ərzində sizinlə qalması mümkündürmü? Bu yazımızda qalıcı ətirin qızıl qaydalarını araşdırdıq:
Tərkibinə diqqət yetirin
Ətirlərin qalıcılığı tərkibindən asılıdır. “Eau de Cologne” məhsulları qalıcılıq məsələsində ən zəif, “Eau de Perfume” isə ən iddialı olandır. Bundan əlavə, ədviyyatlı və isti qoxular dəriyə daha yaxşı hopur.
Saxlama metodu
Günəş şüalarına məruz qalan ətirlərin tərkibindəki maddələr və yağlar zamanla xarab olur. Bu da qoxunun dəyişməsinə və ətirin qalıcılığını itirməsinə gətirib çıxarır. Bu səbəbdən ətirlərinizi qutularında və ya qaranlıq, quru yerdə saxlayın.
Nəmli dəri
Qoxu quru dəriyə yaxşı hopmur. Ətirinizin uzun müddət üzərinizdə qalması üçün duşdan sonra dərinizi mütləq nəmləndirin.
Vazelindən istifadə edin
Dərini nəmləndirmədən əlavə ətirlər üçün baza rolunu oynaya biləcək daha bir məhsul var – vazelin.
Neft tərkibli məhsullar qoxunun dəriyə daha yaxşı hopmasını təmin edir. Dolayısıyla, boyun, bilək içi, qulaq arxasına əvvəlcə bir miqdar vazelin vurub üzərinə ətir sıxsanız, qoxu gün boyu qalıcı olacaq.
Düzgün tətbiq edin
Əgər siz də ətiri biləklərinizə vurduqdan sonra bir-birinə sürtürsünüzsə, özünüz də bilmədən ətir xüsusiyyətlərinə və qalıcılığına mənfi təsir edirsiniz. Ən yaxşı üsul ətiri uzaqdan vurmaq və dəridə qurumasını gözləməkdir.