Kişilər üçün iş həyatında qalstuk vacib element hesab edilir. Universitetdən tutmuş beynəlxalq tədbirlərə qədər hər yerdə qalstuklu güclü cinsin nümayəndələrinə rast gəlmək artıq adi haldır. Bu aksesuar onu taxan insanın cəmiyyətdə tutduğu mövqeyini göstərən bir simvola çevrilib. Azərbaycanda rahatlığı ilə fərqlənən sahələrdə çalışan kişilər də məclislərə, tədbirlərə qalstuk geyinərək gedirlər. Hətta söz, sənət əhli belə qalstuka bağlıdır. Amma bir çox kişilər rəsmi-işgüzar üslublarını tamamlayan bu detal səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşirlər. İş yerində narahatlıq yaşayırsınızsa, bu məqalə sizin üçündür.
Nevroloqların araşdırmalarına görə, sıx bağlanan qalstuk şah damarda tutulmalara və damar sərtliyinin yaranmasına gətirib çıxarır.
Günün çox hissəsini qalstukla keçirmək isə kalsifikasiya, laringeal xərçəng və baş ağrısına səbəb ola bilər.
Təxminən 8 iş saatı ərzində qapalı yerdə qalstuk taxmağa məcbur olan kişilər daha çox stressli olurlar. Onlarda halsızlıq və diqqət pozğunluğu tez-tez rast gəlinən haldır.
Bəs bu problemlər necə yaranır? Cavab olduqca sadədir. Belə ki, qalstuk bərk bağlandıqda beyinə qan ötürən damarlarda ciddi problemlər yaranır və beynin fəaliyyəti zəifləyir. Bu da baş ağrısı, baş gicəllənməsi, tarazlığın itirilməsi və xərçəngə səbəb olur. Xüsusilə, uzun illər bu aksesuardan istifadə edən kişilərdə 70 yaşdan sonra insult riski artır.
Mütəxəssislər isə qalstuk taxmaq zərurəti olan kişilərə boyun və boğazdakı damarlara təzyiqin qarşısını almaq üçün gün ərzində mümkün olduqca qalstuku boş saxlamağı məsləhət görürlər.