Kişilərin hormonları qadınlardan fərqli şəkildə çalışdığı üçün dəriləri yağlanmağa nisbətən çox meyillidir. Yağlılıq parlaqlıq, sızanaqlar və qara nöqtələrə də səbəb olduğu üçün daha pis görüntü ortaya çıxır. Bəs yağlı dəriyə necə nəzarət etmək olar?
Yağlı dəriyə qulluq digər dəri növlərinə qulluq etməkdən çətindir. Daima yağ balansını qorumağa çalışmaq bəzən sizi yora bilər. Amma bu fəndləri tətbiq edərək yağlı dərinizi asanlıqla idarə edə biləcəyinizi görəcəksiniz.
Təmizlik vərdişi
Təmizlik işini səhər və axşam olmaqla 2 dəfə həyata keçirməlisiniz. Üz təmizləyici alətlərdən istifadə edərək daha təsirli nəticə əldə edə bilərsiniz. Təmizləmə prosesindən sonra tonik tətbiq etmək lazımdır, bu, məsamələri sıxlaşdıraraq yağ balansını təmin edəcək və parıltının qarşısını alacaq. Tonik seçimində dərinin qıcıqlanmasının qarşısını almaq üçün spirtsiz məhsullara üstünlük vermək tövsiyə edilir. Həftəlik pilinq etmək də yağlılığı azaldır.
İstifadə edilən məhsullar
Dərinizə tətbiq etdiyiniz bütün məhsulların yağ tarazlaşdırıcı tərkibə malik olduğundan əmin olmalısınız. İstifadə edəcəyiniz məhsulların dərinizin tipinə uyğun olması da son dərəcə vacibdir. Qarışıq bir dəriniz varsa və yalnız T zonanız yağlanırsa, xüsusi bir məhsul istifadə etməlisiniz. Məhsulu almadan əvvəl tərkibi ilə tanış olmalı, dərinizi soyacaq, həssaslaşdıracaq kimyəvi maddələr və turşuların olmadığına əmin olmalısınız. Yağdan azad olmaq üçün dərinizə zərər verməyin.
Nəmləndiricilər
Ən çox verilən suallardan biri yağlı dəridə nəmləndirici istifadə edib - edilməməsi haqqındadır. Dəri yağlılığını artırdığını düşündükləri üçün nəmləndirici tətbiq etməyən kifayət qədər kişi var. Halbuki düzgün məhsul seçdikdə yağlanma artmır, əksinə balanslı və normal şəkildə ifraz olunur. Bunun üçün yağlı dərilər üçün xüsusi olaraq istehsal olunan nəmləndiricilərdən istifadə etməlisiniz. Xüsusilə, yağsız su əsaslı nəmləndiricilər ideal seçim olacaq.
Maskalar
Yağlı dərilər üçün hazır maska almaqla yanaşı, özünüz də evdə hazırlaya bilərsiniz. Xüsusilə, gil maskası dəridən artıq yağı sökən təsirli bir seçimdir, bu maskanı həftədə 2-3 dəfə istifadə edə bilərsiniz. Bundan əlavə, limon və karbonat ilə yağlılığı azaltmaq da mümkündür. Bu təbii maskaları təxminən, 15 dəqiqə üzdə saxlayandan sonra yuyun. Təmizlik prosesini tonik ilə tamamladığınızda daha yaxşı nəticə əldə edə bilərsiniz.