Müasir həyatın gərgin ritmi – iş qrafiki, ailə qayğıları və gündəlik problemlər çox vaxt sağlamlığımızı arxa plana atmağımıza səbəb olur.
Gent.az xəbər verir ki, bir çoxumuz elə düşünürük ki, sağlam qalmaq üçün mütləq saatlarla idman zallarında vaxt keçirməliyik. Əslində isə vəziyyət fərqlidir. Gündəlik vərdişlərimizdə edəcəyimiz kiçik və sadə dəyişikliklərlə daha gümrah yaşamaq mümkündür.
Budur, həyat keyfiyyətinizi yüksəldəcək effektiv tövsiyələr:
- Ev yeməyinə üstünlük verin: Mağazalardakı hazır və emal olunmuş qidalardan qaçın. İşə və ya dərsə gedərkən özünüzlə kiçik qablarda meyvə və ya faydalı qəlyanaltılar aparmağı vərdiş halına salın.
- Vitaminləri göz önünə qoyun: Orqanizmin ehtiyacı olan vitaminləri qəbul etməyi unutmamaq üçün onları hər zaman görə biləcəyiniz yerlərə (məsələn, iş masasının üzərinə) yerləşdirin.
- Hərəkəti həyatınızın bir hissəsi edin: İdmana vaxt yoxdursa, piyada gəzməyə üstünlük verin. Liftdən imtina edib pilləkənlərə yönəlin və ya mənzil başına çatmaq üçün hər gün 20 dəqiqəlik piyada yürüşü edin.
- Zərərli qəlyanaltıları əvəzləyin: Şirniyyat və ya qeyri-sağlam qidalar əvəzinə meyvə, təbii yoqurt və ya az miqdarda tünd şokoladla damağınızı dadlandırın.
- Oturaq həyat tərzinə son: Uzun müddət eyni vəziyyətdə oturmaq bir çox xəstəliyin təməlidir. Gün ərzində tez-tez ayağa qalxın və bədəninizi hərəkət etdirin.
- Su balansını qoruyun: Orqanizmin toksinlərdən təmizlənməsi və maddələr mübadiləsinin sürətlənməsi üçün gün ərzində bol su için.
- Porsiyalarınızı kiçildin: Qida qəbulu zamanı miqdara mütləq diqqət yetirin; normadan artıq yemək bədəninizə əlavə yükdür.
- Ekran qarşısında hərəkətlilik: Axşamlar televizora baxarkən, reklam fasilələrini boş keçirməyin. Bir neçə bədən tərbiyəsi hərəkəti etməklə sağlamlığınıza böyük töhfə verə bilərsiniz.
- Stressi idarə etməyi öyrənin: Gərginliyi azaltmaq üçün özünüzə vaxt ayırın. Kitab oxumaq və ya ilıq bir duş qəbul etmək sinir sisteminizi sakitləşdirəcək.
- Yuxunun gücündən yararlanın: Sağlamlığın ən vacib şərti yuxu rejimidir. Nə qədər məşğul olsanız da, gecə 7-8 saatlıq keyfiyyətli yuxu almağa çalışın.
Unutmayın ki, böyük nəticələr kiçik addımlardan başlayır. Bu sadə qaydalara əməl etməklə daha uzun və enerjili bir ömür sürə bilərsiniz.

