Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar. Bizim qoxu kimi qəbul etdiyimiz şey əslində orqanizmin kimyəvi "imzasıdır". Bu imza həyat boyunca dəyişə bilər: bəzən hiss olunmayacaq qədər zəif, bəzən isə kəskin şəkildə. Alimlər bu dəyişikliklərə getdikcə daha çox diqqət yetirir və onları müəyyən xəstəliklərin inkişafı ilə əlaqələndirirlər. Britaniyalı təqaüdçü Joy Milne həyat yoldaşında qəribə bir qoxunu o, Parkinson xəstəliyinə diaqnoz qoyulmazdan xeyli əvvəl hiss etmişdi. Daha sonra o başa düşmüşdü ki, eyni müşkvari qoxu həmin xəstəlikdən əziyyət çəkən digər pasiyentlərdən də gəlir. Bu müşahidə alimlərin marağına səbəb olub. Kimyaçı Perdita Barran və neyrobioloq Tilo Kunath birlikdə bir təcrübə təşkil ediblər.
Joy Milne-yə həm sağlam insanlar, həm də diaqnoz qoyulmuş pasiyentlər tərəfindən geyinilmiş köynəkləri ayırd etmək təklif olunub. Qadın xəstələri dəqiq şəkildə müəyyən edib və hətta xəstəlik diaqnozu 1 il sonra qoyulan bir nəfəri də düzgün göstərib. Bu hadisədən sonra alimlər qoxu ilə sağlamlıq vəziyyəti arasındakı əlaqəni ciddi şəkildə araşdırmağa başlayıblar. İnsanın qoxusu uçucu üzvi birləşmələrlə - yəni maddələr mübadiləsinin məhsulları ilə müəyyən olunur və bu birləşmələr xəstəlik zamanı dəyişə bilər. Məsələn, şəkərli diabet zamanı ketonların səbəb olduqları meyvə çürüyü kimi bir qoxu yarana bilər. Qaraciyər xəstəlikləri nəfəsə kükürdlü bir ton verir, böyrək pozğunluqları isə ammonyak qoxusu ilə müşayiət oluna bilər. Bəzi infeksiyalar da xarakterik qoxularla müşahidə olunur. Məsələn, malyariyaya yoluxmuş uşaqların dərisi otumsu-meyvəli qoxuya malik olan aldehidlər ifraz etdiyinə görə onlar ağcaqanadlar üçün xüsusilə cəlbedici olurlar.
Araşdırmalar göstərir ki, qoxu həqiqətən də orqanizmdəki daxili dəyişikliklərə işarə edə bilər. Məsələn, itlərdə qoxu duyğusu o qədər inkişaf edib ki, onlar onkoloji və nevroloji pozuntuları tanıya bilirlər. Lakin bu məqsəd üçün hər it uyğun deyil və onların öyrədilməsi çox vaxt aparır. Buna görə də alimlər it burnunun həssaslığını təqlid edən qurğular hazırlamağa başlayıblar. Fizik Andreas Mershin həmkarları ilə birlikdə laboratoriyada yetişdirilmiş insan qoxu reseptorları əsasında cihaz yaradır. Bu sistem reseptorların aktivləşməsini təhlil edir və nümunələri müəyyən etmək üçün machine learning-dən istifadə edir. Hazırda əsas diqqət prostat vəzi xərçənginin diaqnostikasına yönəlib. Barran diqqətini Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin dərisindəki sebumun (insan dərisi tərəfindən ifraz olunan yağlı maddə) öyrənilməsinə yönəldib.
Onun məlumatına görə, dəridəki 25 000 birləşmədən təxminən 3000-i xəstələrdə fərqli davranır. Alimlər bu birləşmələr arasından təxminən 30 potensial biomarkeri müəyyən ediblər. Onların arasında əsasən yağ turşuları və lipidəbənzər maddələr üstünlük təşkil edir. Bütün bu məlumatlar xəstəliyi erkən mərhələdə müəyyən edə biləcək testin hazırlanması üçün istifadə olunacaq. Hazırlanan texnologiya sürətli və qeyri-invaziv diaqnostikaya yönəlib, bu da pasiyentləri uzun və ağrılı prosedurlardan azad edə bilər. Joy Milne artıq nümunələrin iyini ayırd etmə prosesində iştirak etmir - bu, çox yorucudur - lakin o, tədqiqat qrupu ilə işi davam etdirir. Onun müşahidə qabiliyyəti, bir çox xəstəliyin aşkar olunmasına yanaşmanı dəyişə biləcək layihəyə təkan verib. Qoxunun sadəcə gündəlik həyatın detalı deyil, orqanizmdəki daxili prosesləri anlamaq üçün potensial açar olduğu üzə çıxıb.