"YouTube” platforması ABŞ-nin prezidenti Donald Trampın hesabının bloklanması ilə bağlı açılmış məhkəmə işini həll etmək üçün 24,5 milyon ABŞ dolları məbləğində kompensasiya ödəməyi qəbul edib.
Gent.az xəbər verir ki, razılaşmaya əsasən, vəsaitin 22 milyon dolları Ağ Evdə yeni bal zalının tikintisini həyata keçirən “Trust for the National Mall” fonduna yönəldiləcək. Qalan 2,5 milyon dollar isə digər iddiaçılar – yazıçı Naomi Vulf və Amerika Konservativ İttifaqı (American Conservative Union) arasında bölüşdürüləcək.
Xatırladaq ki, 2021-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən Respublikaçılar partiyasının tərəfdarları Kapitoli binasına hücum etdikdən sonra Trampın “Facebook”, “Instagram”, “YouTube” və “Twitter” hesabları bağlanmışdı. Sosial şəbəkə rəhbərləri onun paylaşımlarını iğtişaşları təşviq etmək kimi qiymətləndirmiş, Tramp isə bunu qanunsuz senzura adlandırmışdı.
Daha sonra, 2022-ci ilin sonunda İlon Mask “Twitter”i (“X”) satın aldıqdan sonra Trampın hesabı bərpa olunmuş, 2023-cü ilin əvvəlində isə “Meta” və “YouTube” da oxşar qərarlar qəbul etmişdi.
Qeyd edək ki, bundan əvvəl “Meta” və “X” şirkətləri də Trampın hesablarının bloklanması ilə bağlı iddiaları həll etmək üçün müvafiq olaraq 25 milyon və 10 milyon dollar kompensasiya ödəməyə razılaşmışdı.