Uğurlu karyera qurmaq sosial status və pul ilə idarə olunan bu dünyada hər kəsin ən böyük arzusudur. Uğur individual olsa da, dünyanın müxtəlif yerlərində olan insanların əməl etdikləri müəyyən ümumi qaydalar, vərdişlər var. Uğurlu olmağın ən yaxşı yollarından biri də onların istifadə etdiyi doğru strategiyaları izləmək, anlamaq və ehtiyaclara uyğun olaraq modelləşdirməkdir. Bəs uğurlu karyeranın 7 qızıl qaydası hansılardır?
Məqsədlərinizi müəyyənləşdirin
Uğurlu işçilərin ümumi karyera məqsədləri var. Uğursuz olanlar isə iş həyatlarında axınla getməyi üstün tuturlar. Karyera məqsədləri olan və olmayan əməkdaşlar arasında fərq çox ciddi hiss edilir. Məqsədləri olanın güclü daxili motivasiyası olur. Onlar uğursuzluqla qarşılaşanda ruhdan düşmürlər. Dəqiq məqsədləri olanlar hansı ardıcıllıqla hansı bilik, bacarıq və keyfiyyətlərini gücləndirəcəklərini artıq bilirlər.
Məqsədləri olmayan insan isə dəniz dalğaları və külək istiqaməti ilə suda hərəkət edən əşya kimidir. Heç vaxt öz istiqamətini tapa bilməz.
Qətiyyətli olun
Müvəffəqiyyətli işçilər öz səhvlərini bir daha gözdən keçirir və işlərinə davam edirlər. Müvəffəqiyyətsiz olanlar isə tez ruhdan düşür və geri çəkilirlər.
Heç kim hər zaman mükəmməl ola bilməz. Hər bir insanın uğursuzluqları və səhvləri olur. Səhv etməkdən, uğursuzluqdan qorxmayın. Ən yaxşı şirkət idarəçiləri belə uğur hekayələrini danışmağa uğursuzluqlarından, çətinliklərindən başlayırlar.
Bəzi insanlar səhvləri analiz edərək yollarına davam edirlər və heç bir zaman buna görə ruhdan düşmürlər. Onlar anlayırlar ki, insanın reputasiyasına səhvləri zərər vermir. Qorxulu olan səhvi görməmək və onu düzəltməməkdir. Səhvlərindən nəticə çıxaranlar hər zaman uğur qazanmağa daha yaxın olurlar.
Həmişə standartlarınızı yüksəldin
Uğurlu insanları digərlərindən fərqləndirən başqa bir vacib amil də standartlarla bağlıdır. Standartlarınız düşüncə, inanc və davranış tərzinizə təsir edir. Əgər standartlarınız yüksəkdirsə, heç vaxt bacara biləcəyinizdən daha azı ilə qane olmayacaqsınız.
Özünüzün ən yaxşı versiyanız olduğunuzu düşünənə qədər standartlarınızı qaldırmağa çalışın. Adətən, yüksək standartlara sahib insanlar başqalarından dəfələrlə daha çox uğurlu olurlar.
Disiplinli olun
İntizam bütün yaxşı hadisələrin səbəbidir. Uğurlu adamlar bütün mövzularda intizamlıdırlar: işə gecikmirlər, tapşırığı zamanında təhvil verirlər. İntizamsızlıq, bəhanələr yaratmaq sizi tənbəlləşdirəcək. Bu xüsusiyyət isə uğurun ən böyük düşmənidir.
Özünüzü marka edin
Hazırda brendinq çox vacibdir. Brendinq brendin yaradılması və inkişaf etdirilməsi prosesidir. Bu proses diferensiallaşma, fərqlilikləri üzə çıxarma, məhsulun bazarda önə çəkilməsi və aktual dəyərlərə uyğun olaraq istehlakçılarla uzunmüddətli ünsiyyət əsasında həyata keçirilir. Başqa sözlə desək, bu, sizin bazardakı imicinizdir.
Peşəkar işçilər adlarını və gördükləri işi brend etmək üçün daim çalışırlar. Bunun üçün işinizi ən yüksək səviyyədə görməklə bərabər, bloq və ya peşəkar bir sosial şəbəkə profili yarada bilərsiniz.
Gücünüzün fərqində olun
Şəxsi inkişafın ən vacib açarı fərqindəlikdir. Daxili düşüncələrinizin, güclü tərəflərinizin, istəklərinizin və mənfi cəhətlərinizin fərqində olaraq işlərinizi asanlaşdıra bilərsiniz.
Məsələn, uzun, amma daha çox gəlirli işi seçmək lazım gələndə çox səbirsiz, tez bezən biri olsanız da, gəlir üçün işə razılıq verə bilərsiniz. Lakin əvvəlcədən səbirsizliyinizin fərqində olsanız, uğursuz olacağınızı təxmin edəcəksiniz.
Bu, həm də özünüzü inkişaf etdirməkdə sizə kömək olacaq. Sizi geridə qoyan səbəbləri bilib onların üzərində çalışaraq daha uğurlu ola bilərsiniz.
Daha çox əlaqə qurun (Networking)
Daha çox əlaqə daha çox imkan deməkdir. Yeni tanış olduğunuz hər insan bacarıq və üstünlüklərinizi göstərmək üçün bir şansdır. Uğurlu insanlar bir qayda olaraq, qazanc gətirə biləcək güclü əlaqələr qurmağı bacarırlar.
Bunun üçün “LinkedIn”, “Twitter” və “Facebook”da sosial media profilləri yarada bilərsiniz. Bu üç sosial şəbəkə daha çox öz şirkətlərinin brendinqi ilə məşğul olan iş adamları tərəfindən istifadə edildiyi üçün müxtəlif fürsətlərlə qarşılaşmaq ehtimalınız yüksəkdir.