Müğənni Alla Puqaçova ad günündən sonra "Instagram"da izləyiciləri ilə əlaqə saxlayıb.
Gent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur sənətçi ad günü münasibətilə onu təbrik edən dostlarına və pərəstişkarlarına, həmçinin bu münasibətlə dünyanın müxtəlif ölkələrindən onu görməyə gələn insanlara təşəkkürünü bildirib. O, bayramın təşkil olunmasında ona yardım edənlərə də minnətdarlığını bildirib.
Sənətçi aprelin 15-də 76 yaşını qeyd edib. Müğənni qeyd edib ki, bayram çox gözəl və əla keçib.
Ulduz düşmənlərinə də təşəkkür edib.
“Siz mənə həyatı müxtəlif rənglərlə boyamağa imkan verirsiniz, mən isə, əlbəttə, daxilən bir rəssamam... Bu rəsm isə daim dəyişir. Mənə çox maraqlıdır ki, həyat onu sonra necə çəkəcək. Təşəkkür edirəm sizə!” - o bildirib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin (Rusiya tərəfindən xarici agent kimi tanınıb) və uşaqları ilə birlikdə Rusiyanı tərk edib və İsrailə köçüb. Rusiyanı tərk etdikdən sonra və əri kimi onun da “xarici agentlər” siyahısına salınması çağırışlarına cavab olaraq, sənətçi tənqidçilərinə və ona qarşı olanlara müraciət edib. Onun sözlərinə görə, əvvəllər onu sevməyən insanlar “xolop idilər, indi isə kölə olublar”.