Atmayın, düzgün saxlayın
Hər birimiz yemək bişirir və yemək yeyirik. Elə isə hər iki prosesi niyə də asanlaşdırmayaq? Bəzən də ərzaqları istifadə etməyə imkan tapmadan onları atmağa məcbur oluruq. Səbəb isə düzgün saxlanma qaydasını bilmədiyimizə görə ərzaqların tez xarab olmasıdır. Jurnalın 3-cü sayında topladığımız məsləhətlər içində hətta almanın mətbəxdə köməkçi funksiyası barədə maraqlı məlumat alacaqsınız.
Soğanı gözyaşı axıtmadan doğrayın
Soğan doğrayarkən əksəriyyətimiz gözyaşımızı saxlaya bilmirik. Bunun qarşısını almaq üçün əvvəlcə soğanı dondurun, lakin buzxanada çox saxlamayın. Soğan doğrayarkən ağlamamağın başqa bir yolu da var: ağzınıza bir dilim çörək qoyun. Bu, soğanın ifraz etdiyi kəskin buxarın gözə düşməsinin qarşısını alacaq.
Meyvələrin yetişməsini sürətləndirin
Şaftalı və ya bananın yetişməsini gözləmək istəmirsiniz? Meyvələri kağız torbaya qoyun. Bu onların ifraz etdikləri etilenin buxarlanmasının qarşısını alacaq və meyvələrin daha tez yetişməsinə kömək edəcək.
Qəhvəyi şəkər tozunu qurumaqdan qoruyun
Qəhvəyi şəkəri düzgün saxlamadıqda o, quruya və yapışa bilər. Qəhvəyi şəkər quruduqda yararsız hala düşür. Portağal qabığını və ya alma dilimini şəkər tozunun saxlandığı qaba qoyun və ağzını kip bağlayın.
İdeal qayğanaq bişirin
Şəkillərdəki kimi – ideal yumru və kənarları qurumamış qayğanağı kim xoşlamır ki? Bunu bişirmək çətin deyil: yumurtanı tavaya sındırın və bir xörək qaşığı su əlavə edin. Tavanı ocağa qoyub ideal qayğanağın bişməsinə tamaşa edin.
Tavanı qapaqla bağlasanız, su buxarlanacaq və yumurtanın üst hissəsini bişirəcək. Bunun sayəsində yumurta sarısının üstündə əmələ gəlmiş örtük onun içini duru saxlayacaq.
Salatı təzə saxlamağın yolu
Salatlar qida rasionunu təzə tərəvəz və meyvələrlə mükəmməl şəkildə tamamlayır, ancaq salatın hamısını yeməyəcəksinizsə, onu düzgün saxlamaq qaydasını bilməlisiniz. Bundan ötrü onun üstünü kağız dəsmalla örtüb soyuducuya qoymaq lazımdır.
Qiyməni ən yaxşı dondurmaq üsulu
Dondurulmuş qiymənin donunun tez və rahat açılması üçün onu düzgün, nazik qat şəklində dondurmaq lazımdır. Bunun üçün aşağıdakıları edin: qiyməni plastik paketə doldurun və ovuclarınızla paketə ehmalca basaraq onu düzbucaqlı formaya salın. Daha sonra paketi buzxanaya qoyun. Bu cür dondurulmuş qiymənin donu daha tez açılır və saxlanma şəkli də yığcam olduğuna görə buzxanada çox yer tutmur.
Qoz ləpəsini dondurun
Təmizlənmiş qozu dondurduqda onun bütün faydalı xüsusiyyətləri, dadı və ətri qorunur. Təmizlənmiş qozu hermetik qaba töküb ağzını kip bağlayın və buzxanaya yerləşdirin. Ləpələri əvvəlcədən qızartmayın, əks halda, onların heç bir faydası olmayacaq. Otaq temperaturunda saxlanılan qoz vaxt keçdikcə qaxsımış tam verir.
Amma dondurulma üsulu zamanı qozda bu cür tam dəyişikliyi baş vermir və o, dadını qoruyub saxlayır.
Taxta qaşıqlara ikinci həyat verin
Taxta qaşıqlar zaman keçdikcə korlanır və qoxuları özünə hopdurur. Sevimli mətbəx köməkçilərinizlə vidalaşmaq istəmirsinizsə, bunun həll yolu ilə tanış olun. Taxta qaşıqları adi suda qaynadın və günəşdə qurudun. Beləliklə, qaşıqlara ikinci həyat vermiş olacaqsınız.