Birinin hər zaman almağa və qazanmağa köklənməsi, verməyi və itirməyi əsla qəbul etməməsi, sevməyi və kömək etməyi önəmsəməməsi, özünü dünyanın mərkəzi, digər insanları isə önəmsiz və lazımsız olaraq təqdim etməsi narsistlik adlanır.
Narsisizm termini psixoloji ədəbiyyata Qədim Yunanıstandan 1887-ci ildə Binet tərəfindən gətirilmişdir. Yunan əfsanəsinə görə, Narsist adlı gənc suda öz təsvirini görərək vurulmuş və öz gözəlliyinin tamaşasından ayrıla bilməyərək özünə olan sevgisindən vəfat etmişdir. Məhz bu mif Freydi bu patologiyaya narsisizm adı verməyə ruhlandırmışdır.
Bu məqaləmizdə belə insanların xüsusiyyətlərini açıqlayırıq ki, ətrafınızdakı narsistləri daha tez tanıya biləsiniz.
Narsisizm bir şəxsiyyət pozuntusudur
İlk növbədə, bunu bilmək lazımdır ki, narsisizm psixoloji pozuntudur. Hər insan özünü sevməlidir, amma bu tip insanlar özlərinə aşiqdirlər. Bu cür insanlar ürəkdən sevə bilməzlər və ya dərindən kədər hissi keçirməzlər. Lakin başqasını necə sevəcəyini bilməyənlər özlərinə olan sevgilərində boğulmağa məhkumdurlar. Kənardan soyuq, məsafəli, özündənrazı kimi görünsələr də, bu görünüşlərinin altında inciməyə meyilli, həssas, özgüvəni az olan bir şəxsiyyət yatır.
Sizi əsla tam olaraq dinləməzlər
Belə insanlar başqalarının düşüncə və istəklərinə lazımi diqqəti göstərmirlər, onlar üçün hər zaman özləri daha önəmlidir. Narsist insana siz özünüz haqqında danışanda o da mütləq özündən söhbət açacaq. Hətta danışdıqlarınızdan sual versəniz, cavab verə bilməyəcəklər. Çünki onlar siz danışanda belə, özləri ilə bağlı məsələləri düşünürlər.
Hər şeyin ən çoxu onlarındır
Narsist insanlar həmişə ən çoxa sahib olmaq istəyirlər və sahib olduqlarını düşünürlər. Qəribə olsa da, problemin belə ən çoxunun onlarda olduğunu zənn edirlər. Müəyyən bir narahatlığınızı dilə gətirəndə narsist insan mütləq mənim daha çox həmin narahatlığım var deyəcək.
Utanma duyğuları azdır
Bir narsist çox az hallarda utana bilər, çünki onlar həmişə özlərini haqlı hesab edirlər. Biri onlara yalnış olduqlarını desə, qətiyyən qəbul etməzlər, bu səbəbdən də, utanc hiss etməzlər.
Məsuliyyətdən qaçırlar
Bu tip insanların ən vacib xüsusiyyəti qarşısındakı insanı davamlı günahlandırmalarıdır. Bu səbəbdən, onlar məsuliyyətdən qaçır, ən kiçik uğursuzluqda sizi günahlandırırlar.
Yeniliyə açıq deyillər
Narsistlər öz etdikləri hər şeyi ən mükəmməl zənn etdikləri üçün yeni fikirlərə qapalıdırlar. Onları yeni bir restoranda yeməyə dəvət etsəniz, həmişə getdiyi restorana getməkdə israr edəcəklər.
Öz seçdikləri insanları mükəmməl görürlər
Bəlkə, sizin üçün təəccüblü olacaq, amma narsistlər özləri ilə bərabər, dostlarının, partnyorlarının da mükəmməl olduğunu düşünürlər. Bu isə həmin insanlara sevgilərindən daha çox öz seçimlərinə olan sevgi ilə bağlıdır.
“Selfie” aşiqləri narsist ola bilər
Narsist insanları tanımağın ən sadə yollarından biri gündə neçə şəkil çəkdiklərinə diqqət etməkdir. Əgər bir insan işin ortasında özünün şəkillərini çəkirsə, ya da sizinlə getdiyi bir yerdə qarşılıqlı söhbətdən çox özünə baxmağa üstünlük verirsə, o adam narsist ola bilər.