Bilinməzlik qorxusu bir təhlükəni dəf edə bilmədikdə meydana gəlir, çünki anlaşılmaz olan hər şey bizi qorxudur. Bu vəziyyətin yaratdığı gücsüzlük duyğusu üzərində çalışmaq və qorxu qarşısında daha aktiv bir ruhi vəziyyəti qəbul etmək olduqca vacibdir.
Bilinməzlik qorxusu konsepsiyası Ziqmund Freyd tərəfindən öyrənilib və bu gün bütün dünyaya yayılıb.
Bu dövrdə bir çox insan uşaqlıqdan bəri hiss etmədiyi bir qorxu yaşadı. Bu hiss bəzi üstün qüvvələr qarşısında həssas və ya aciz qalma vəziyyətidir.
Bu təməl hiss insan bilinməyən bir şeydən qorxduğu zaman ortaya çıxır və əslində, uşağa xas hissdir. Bu qorxu bizi əhatə etdiyinə görə özümüzü küncdə hiss edirik. Bu, bildiyimiz konkret bir şeydən qorxmaq kimi deyil, hər yeri kölgələrə bağlı olan gözlənilməz bir vəziyyətdir.
Bütün dünyaya yayılan bu vəziyyət eynən uşaqlığımızda olduğu kimi hərəkət etmə seçimimizi ciddi dərəcədə məhdudlaşdırdı.
Bilinməzlik qorxusu necə çalışır?
Freydin tədqiqatlarından əvvəl bilinməzlik qorxusu dəhşətə səbəb olduğu üçün təhdid edici hiss kimi qəbul edilirdi. Psixoanalizin atası diqqətini bu məsələyə yönəltdi və iki anlayış təqdim edərək məsələyə yanaşdı: tanış və xarici.
Tanış olan adından da göründüyü kimi bizə tanışdır və bir növ güvən hissi verir, çünki normal təcrübələrimizin bir parçasıdır. Həyatımızdakı insanlar, hadisələr, məkanlar, fikirlər və hisslər tanış adını verdiyimiz bir bütünün parçalarıdır.
Xarici olaraq təyin etdiklərimiz isə bu sahələrdən kənarda qalanlardır. Xarici, yad olanları bilməməkdən əlavə, müəyyənləşdirə bilmirik. Bizə yad olanlar haqqında az, ya da çox heç bir məlumatımız yoxdur. Nə bu hissin ümumi məntiqini bilirik, nə də necə yox edə biləcəyimizi.
Tanış və xarici arasındakı dinamik
Freydə görə, bilinməzlik qorxusu bizə tanış olan insanlar yadlaşdıqda və ya əksinə, yad insanla tanış olduqda ortaya çıxır.
Yad olanın bizi qorxutma səbəbi yeni olması deyil, tanıdığımızı düşündüyümüz bir şeyin, bir adamın qeyri-müəyyənə çevrilməsidir. Bütün qorxu filmləri də bu məntiq üzərindən irəliləyir. Məsələn Drakula qorxuducudur, çünki həm insan, həm də bir canavardır. O, hər zaman canavar olsaydı, yenə qorxardıq, amma bu qorxu fərqli şəkildə olardı. Baxışlarımızı, üzümüzü çevirə bilər, asanlıqla yaddaşımızdan silib ata bilərdik. Lakin o, həm də insan olduğu üçün onun dəyişkən varlığının və qeyri-müəyyənliyinin qurbanı oluruq.
Bəhs etdiyimiz bu vəziyyətin tam əksi də ola bilər. Yad olan tanış hala gələndə də qorxu hissi meydana çıxır.
Bilinməzlik qorxusu ilə mübarizə aparın
Bilinməzlik qorxusu ilə necə başa çıxa bilərsiniz? Edə biləcəyiniz ilk şey bu təhlükəyə obyektiv olaraq baxmaqdır.
Özünüzü balaca bir uşaq kimi hiss etsəniz də, əslində yetişkin fərd olduğunuzu xatırlamalısınız. Nə qədər məhdud olsa da, seçim haqqınızdan istifadə edib duyğularınızı necə idarə edəcəyinizə qərar verməlisiniz. İnancınızı itirməyin, insan olaraq hamımız özümüzü qorumaq üçün lazım olan vasitələrə sahibik.