Siz heç birinin nə deyəcəyini onlar demədən təxmin etmisiniz? Ya da bir hadisə baş vermədən öncə hiss etmisiniz? Bunlar hisslərinizin- intuisiyanızın güclü olduğunu dair ən sadə misallardır.
İntuisiya - konkret reallığa deyil, ehtimallara və abstrakt düşüncələrə əsaslanan hiss və ya ideayaya verilən addır. Psixologiya sahəsində bu mövzu geniş araşdırılmış anlayış olmaqla yanaşı, problemin bütün detallarını analiz etmədən hadisəyə düzgün qiymət vermək qabiliyyətidir.
Hər kəs intuitivdir, lakin hər kəs öz intuisiyasını tam şəkildə istifadə edə və ya anlaya bilmir. Amma bəzi insanlar olur ki, onlar doğulandan güclü intuisiyaya malik olurlar. Onlardan biri olub-olmadığınızı bilmək istəyirsiniz?
Bu məqaləmizdə güclü intuisiyaya malik olduğunuzu göstərən 7 əlaməti sizinlə bölüşürük:
Başqaları sizi həssas və empatik olaraq təsvir edir.
Emosional olaraq fərqliliyə sahib olmaq intuisiyanızı anlamaqda əsas rol oynayır. İntuisiyası güclü adamlar başqasının nə hiss etdiyini üz ifadəsindən, bədən dilindən, səs tonundan və s. müşahidələrdən asanlıqla anlaya bilirlər.
Neqativ auralı insanları asanlıqla müəyyən edə bilmə qabiliyyətinə maliksiniz.
İnsanlar haqqındakı ilkin təəssüratlarınız çox zaman düz çıxır. Başqa insanların sizi aldatması çətindir. Balaca detalları çox önəmsəyir, həddindən artıq analiz edirsiniz.
Qəfil, təsadüfi fikirlər və ya ideyalar ağlınıza gəlir.
Bu fikirlər görüntü, səs, hissiyyat şəklində üzə çıxa bilər və hadisələri daha aydın görmənizə səbəb olur. Bir müddət öncə fikir vermədiyiniz bir şeyi qəfil xatırlaya, əvvəllər ağlınıza gəlməyən cavablar və ya çıxış yollarını tapa bilərsiniz.
Hər şeyi dərindən düşünürsünüz.
Aparılan elmi araşdırmalar göstərib ki, intuitiv fərdlər, həmçinin dərin analitik mütəfəkkirlərdir. Həyatın bir çox mənalı əlaqələr və simvollarla dolu olduğunu düşünür, təsadüflərə, şans əsəri qarşılaşmalara kainatın sizə bir işarəsi kimi diqqət ayırırsınız.
Mistisizmə marağınız var.
Tədqiqatçı-psixoloq Gary Kleinin tədqiqatlarına görə, bir çox insan intuisiyanın başqa dünyalar ilə əlaqəli bir hədiyyə olduğunu düşünür və intuisiyası güclü insanların əksəriyyətinin mistisizm və sirli ənənələrə marağı var. Siz kainatın gücünə və intuisiyaları vasitəsi ilə kainatın onlarla danışdığına inanırsınız. Bir çoxunuz astrologiya, numeralogiya, tarot və s. kimi kəhanətlə bağlı sahələrin sizi cəzb etdiyini müşahidə edə bilərsiniz.
Gerçəyə bənzər yuxular görürsünüz.
Bir çox insanların oyandıqdan sonra gördükləri yuxunu unutmasına baxmayaraq, intuisiyası güclü insanlar tez-tez canlı, inandırıcı və mənalı yuxular görür və bəzən bu yuxular reallaşa da bilir. Dejavu yaşamaq da onlar üçün adi hal alır.
Güclü iç səsiniz var.
Çox vaxt ürəyinizi dinləyərək qərarlar verirsiniz və niyəsini izah edə bilməsəniz də, sizə doğru gələn seçimi edirsiniz. Bir mövzu haqqında çox düşünmədən doğru olanı bildiyiniz barədə iç səsinizə güvənirsiniz.
Əgər bu sadalananlardan sonra hisslərinizin gücünə əmin oldunuzsa, intuisiyanı meditasiya və başqa metodlar ilə gücləndirə bilərsiniz.