Vərdiş insanın təlim və iş prosesi dövründə qazandığı, təkmilləşdirdiyi və lazım olan anda asanlıqla, avtomatik şəkildə tətbiq edə bildiyi avtomatlaşmış hərəkətlərdir. Vərdişlərimiz bizim həyatımızı yaxşılığa doğru dəyişməklə yanaşı, həm də korlamağa qadirdirlər. İşlərimizi çətinləşdirən, həyat keyfiyyətimizi aşağı salan təhlükəli vərdişlər nədir, bilmək istəyirsiniz? Elə isə sizə həyatınızı çətinləşdirən vərdişlərdən ən əsaslarını təqdim edirik:
Özünü müdafiə etmək vərdişi
Bu vərdişin yaranma səbəbi özünə inamsızlıqdır. İnsanın daxili əsası olmadığı üçün o, daim öz hərəkətlərini, seçimlərini izah etməyə çalışır. Özünümüdafiə vərdişi insanı davamlı olaraq gərginlikdə saxlayır və rahatlıqdan məhrum edir. Belə insanlar həyatdan zövq ala bilmirlər. Buna görə də, bu vərdişdən mümkün qədər tez qurtulmaq lazımdır.
Gecikmək vərdişi
Bu vərdiş insanın sosial münasibətlərində böyük anlaşılmazlıqlara gətirib çıxara bilər. İnsanlar heç vaxt gecikən və məsuliyyətsiz insanları sevmirlər, onlara etibar etmirlər. Lakin məsuliyyətsizlik yalnız ətrafdakılar üçün yox, insanın özü üçün də problem yaradır. Vaxtı idarə edə bilməmək hər dəfə vacib yerlərə gecikəndə narahatlıqlara gətirib çıxarır. Bu pis vərdişdən qurtulmaq üçün vaxtı idarə etməyi öyrənmək və bacarmaq lazımdır.
Vacib işləri sonraya saxlamaq vərdişi
Müasir psixoloqlar bu vərdişi “ prokrastinasiya” adlandırıblar. 1 gün işləri təxirə salanda problem olmaz deyə düşünənlər olsa da, məsələ bütün işləri bir günə həll etməyə gələndə insanda stress yaradır. Bu da öz növbəsində, yuxu, sinir sistemi, artıq çəkiyə səbəb olur. Bunların yaranmaması üçün bu günün işini sabaha saxlamamaq lazımdır.
Axşam gec saatlara qədər oyaq qalmaq vərdişi
Bəzən insanlar gec yatdıqları üçün səhər oyanmaqda çətinlik çəkirlər. Bu vərdiş insan sağlamlığına ziyandır. İnsanın gec yatmağı onun gün boyu aktivliyinə təsir edir. Yuxusuzluq nəticəsində yaranan enerji çatışmazlığı hədəflərə çatmaq üçün əsas maneə ola bilər.
Özünü günahlandırmaq vərdişi
Hər hansı iş yolunda getməyəndə, problem yarananda, gözlənilməz hadisə baş verəndə insanların ilk edəcəyi iş özünü günahlandırmaq olur. Bu hiss insanın inkişafına maneə yaradır. Buna görə də, özünü günahlandırmaq yerinə hadisələrə obyektiv baxmaq və yaranmış vəziyyətdən çıxış yolu axtarmaq lazımdır.