2014-cü il dekabrın 15-də “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq nikaha girən şəxslərdən sağlamlıq haqqında arayış tələb olunur.
Sağlamlıq haqqında arayışın tələb olunması, təbii ki, çox müsbət haldır. Amma sağlamlıq, sadəcə müxtəlif orqanların müayinəsi ilə bitmədiyi üçün bu qanuna edilən dəyişiklik sanki yarımçıqdır.
Çünki evlənməzdən əvvəl həm fiziki, həm də psixoloji sağlamlığın müayinəsi vacibdir. Bu səbəbdən də Azərbaycanda nikahdan qabaq psixoloji testin keçirilməsi lazımdır.
Bəs, bu haqda mütəxəssislər nə düşünür?
Psixoloq Vəfa Rəşidova Lent.az-a bildirib ki, bütün peşəkar mütəxəssislər icütlüklərin evlənmədən əvvəl psixoloji testdən keçməsini istəyir:
“Əgər belə bir qayda yaradılarsa, əminəm ki, ölkəmizdə boşanma sayı xeyli azala bilər. Evlənənlər psixoloji testdən keçmədiklərindən, onlar çox vaxt problemləri olan biri ilə də ailə həyatı qura bilirlər. Mən praktikamda çox vaxt cütlüklərin boşanma səbəblərinin şübhə, inamsızlıq olduğunu görürəm. Çox vaxt bu səbəbdən boşanmalar daha çox olur. Çünki onlar heç vaxt bir-birilərinə güvənmirlər və buna da səbəb onlarda ortaya çıxan şəxsiyyət pozğunluqlarıdır.
Psixoloqun sözlərinə görə, cütlüklər bu cür problemlərin adını "həyat yoldaşım mənə güvənmir" qoyurlar:
“Əslində bu problemin adı paronayadır. Ona görə həmin şəxslər psixoloji testdən keçməli, müalicə almalı, daha sonra evlənməlidir. Cütlüklər istənilən psixoloji problemlə rahat şəkildə evlənir, üç aydan sonra da boşanırlar və heç bilmirlər ki, niyə ayrıldılar. Müxtəlif bəhanələr gətirirlər:"mənə zülm verirdi", "əsəbi idi" və sair. Amma heç düşünmürlər ki, psixologiyası normal insan qarşısındakına zülm verər?”
Psixoloqun fikrincə, evlənməyə qərar verən insanlar psixoloji testdən keçsələr, bu onların gələcəkdəki sağlam ailə həyatının və uşaqlarının inkişafı üçün zəmanət olardı:
“Bəzən deyirlər ki, qaşqabaqlıdır, utancaqdır, xasiyyəti pisdir. Bunlar hamısı problemdir. Psixoloji test tərəflərin hər ikisinə mütləq şəkildə nikahdan qabaq verməlidirlər. Çünki qorxu, əsəbilik, utancaqlıq, elə belə, ötüb keçəcək problemlər deyil.
Elə vaxtlar olur ki, bir tərəf digər tərəfi bu tip problemləri gördüyü zaman danlayır, utandırır, qınayır. Bu, tamamilə yanlışdır. Ona görə də hər iki tərəfin psixoloji testdən keçməsi vacibdir ki, bir-birilərinin problemlərindən xəbərdar olsunlar. Bu gün ailələrdə kompromis yoxdur. Məsələn, ailədə birinin xəstələnməsi, psixoloji problem yaşaması zamanı tək qalma ehtimalı risk altındadır. İnsanların bütün problemlərinin başında ruh sağlamlıqları durur. Əgər insanın psixoloji vəziyyəti yaxşı olarsa, digər problemlər də yaranmaz”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə ölkəmizdə bu cür addımın atılmasına ehtiyac olduğunu deyir:
“Ölkəmizdə belə bir addım atılsa, çox müsbət hal olar. Azərbaycanda qətllərin sayı artır, məhkəmə proseslərində tərəflər bir-birini psixoloji problemlərinin olması ilə ittiham edir. Məhz bu problemlərin olmaması, sağlam ailələrin qurulması üçün psixoloji testin keçirilməsi vacibdir. Amma biz bu psixoloji testləri rəsmi nikaha keçən şəxslər üçün edə bilərik. Bəs, qeyri-rəsmi nikahları necə edəcəyik? Qeyd etmək istəyirəm ki, problemli ailələrin, qətllərin çox payı qeyri-rəsmi nikahların üstünə düşür. Ona görə də düşünürəm ki, birinci növbədə artan qanunsuz nikahların qarşısı alınmalıdır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov isə komitənin bu təklifi dəstəklədiyini və vacib olduğunu bildirib.
“Pandemiya dövründə insanların psixoloji vəziyyəti daha da pisləşdi. Məhz bu səbəbdən də evlənəcək şəxslərin psixoloji testdən keçməsi qərarının verilməsi çox yaxşı olar. Hətta mütləqdir ki, bu cür testlərin cavabları hər iki tərəfə təqdim edilsin. Cütlüklər bir-birilərini tanısınlar və daha sonra boşanacaq həddə gətirən problemlərlə qarşılaşmasınlar”