Hazırda yorğunluq ən aktual problemlərdən biridir. Kimi soruşsan, yorğundur, kimisi mənəvi, kimisə də fiziki cəhətdən. Bu mövzuda aparılan araşdırmalarda məlum olub ki, insanlar ən çox hava ilə əlaqədar yorğunluq hiss edirlər. Havanın sürətlə soyuması və ya istiləşməsi ilə, yəni mövsüm dəyişiklikləri ilə ayaqlaşa bilməyən bədənimiz anlaya bilməyəcəyimiz bir şəkildə yorğunluq hiss edir. Bu və ya digər səbəblərdən yaranan psixoloji yorğunluq, sözsüz ki, həm iş, həm də şəxsi həyatımıza mənfi təsir göstərir.
Amma unutmayın ki, bu problemi həll etmək mümkündür. Kiçik şeylərə diqqət yetirməklə özünüzü psixoloji yorğunluqdan və halsızlıqdan qoruya bilərsiniz.
Gəzintiyə zaman ayırın
Mütəmadi olaraq uzun müddət gəzmək və bu gəzintiləri vərdiş halına gətirmək maddələr mübadiləsini sürətləndirməklə yanaşı, enerjinizi də artıracaq. Açıq havada vaxt keçirmək sizə günün yorğunluğunu unutduracaq, rahat nəfəs aldıracaq, yenilənməyinizə kömək edəcək. Beləliklə, yorğunluq və halsızlıq hissindən müəyyən qədər qurtulacaqsınız.
Yuxu keyfiyyətinizi yaxşılaşdırın
Yuxu keyfiyyətiniz aşağı olarsa, uzun müddət yatsanız da, yorğun oyanacaqsınız. Əlbəttə, normadan artıq yatmağın başqa problemlərə səbəb olacağını unutmamalıyıq. Gündə orta hesabla 7-8 saat yatmaq ideal hesab edilir.
Yuxu rejiminiz sizin həyatınızı və ruh sağlamlığınızı dolayı yolla idarə edir. Onu qaydaya salsanız, həyatınızı da qaydaya salmış olacaqsınız. Hər şeyə tez oyanmaqdan başlaya bilərsiniz. Tez oyanmaq və səmərəli gün keçirmək tez yuxuya getməyə də kömək edəcək. Yatmazdan öncə baxdıqlarınıza da diqqət edin, qorxulu filmlər izləməmək məsləhətlidir. Sosial şəbəkələrdən də uzaq durmaqda fayda var. Xoş olmayan xəbərlərlə yuxu öncəsi yüklənməyin. Yatanda telefonu özünüzdən uzaq yerə qoyun və oyanan kimi ilk iş olaraq telefona baxmayın. Bunlara əməl etdikdə özünüz görəcəksiniz ki, artıq yuxudan yorğun deyil, dincəlmiş şəkildə oyanırsınız.
Səhər yeməyini ötürməyin
Yaşlı nənə-babalarımızdan hələ uşaq vaxtlarımızdan ən çox eşitdiyimiz ifadə yəqin ki, "səhər yeməyi ən vacib yeməkdir!" olub. Bəs aranızda "Səhər yeməyini özün ye, günortanı dostunla bölüş, axşamı isə düşməninə ver" deyimini eşitməyən var? Məşhur atalar sözlərimizdən biri də bu fikri təsdiqləyir. Bəs bunlar doğrudur?
Bəli, böyüklərimiz doğru bilirlər. Səhər yeməyi günə başladıqda ehtiyac duyduğunuz enerjini əldə etməyin ən yaxşı yoludur. Odur ki, işə gecikmək və ya daha çox yatmaq səbəbindən səhər yeməyini təxirə salmayın.
Mövsüm meyvə-tərəvəzlərini yeyin
Hər mövsümün öz meyvələri, öz tərəvəzləri var. Meyvə-tərəvəzlərin daxilindəki vitamin və minerallar səbəbindən sağlamlığa nə qədər faydalı olduğuna bu məqaləmizdə toxunmayacağıq. Diqqətə çatdırmaq istədiyimiz məsələ bu məhsulların psixologiyamıza təsiri ilə bağlıdır. Mövsüm meyvə-tərəvəzləri və bitkiləri bədəni mövsüm şərtlərinə psixoloji olaraq hazırlayır. Bu da özünüzü daha yaxşı hiss etməyinizə kömək edir.
Stress ilə mübarizə aparın
Xüsusilə, hündürmərtəbəli binaların əsir aldığı iri şəhərlərdə yaşayır, küçələrdə insan seli ilə qarşılaşır, bol dedi-qodu və rəqabətli ofislərdə işləyirsinizsə, stresslə mübarizə yollarını tapmalısınız.
Stressi aradan qaldırmağın yolları individualdır. Yemək yeməyi sevənlər üçün dadlı yemək antistress dopinqdir. Üzərinizdəki neqativ enerjini atmaq üçün duş qəbul etmək də faydalı ola bilər. Rəqs etməyi sevirsinizsə, rəqs edə bilər, şəkil çəkməyi sevirsinizsə, boyalardan həzz alaraq stressdən azad ola bilərsiniz. Bunların hər birini sınamısınız və yeni nəsə axtarırsınızsa, "27 predment" metodu işinizə yarayacaq. Şərq praktikasına görə, evdəki 27 predmetin, əşyanın yerini dəyişmək də sizi stressdən xilas edə bilər.
Qeyd edək ki, yorğunluq 1 həftədən uzun çəkirsə, sizə işlərinizdə maneə olursa, gün ərzində özünüzü çox pis hiss edirsinizsə, heç bir şəkildə aradan qaldıra bilmirsinizsə, ən qısa zamanda həkimə müraciət etməlisiniz. Yorğunluq bədəndə hansısa problemin olduğunu göstərir. Səbəbi müəyyənləşdirmək və ehtiyac varsa, müalicə olunmaq ən yaxşı yoldur.