NVIDIA Finlandiyanın texnologiya nəhəngi Nokia-nın 2.9% səhmini 1 milyard dollara alaraq şirkətin ikinci ən böyük səhmdarına çevrilib.
Gent.az xəbər verir ki, bu razılaşma Nokia-nın son 10 ilin ən yüksək səhm qiymətinə qalxmasına səbəb olub.
Əməkdaşlıq çərçivəsində tərəflər süni intellekt infrastrukturlarının yaradılması və ABŞ mobil rabitə bazarının inkişafı üzərində birgə işləyəcəklər. Nokia, NVIDIA-nın məlumat emalı mərkəzləri və superkompüterlər üçün öz telekommunikasiya həllərini təklif edəcək.
Şirkətlər, həmçinin, 6G rabitə texnologiyalarının inkişafında da birgə fəaliyyət göstərəcək. NVIDIA Nokia üçün süni intellektlə təchiz olunmuş yeni nəsil baza stansiyası komponentləri hazırlayacaq və bu avadanlıqların tədarükünə 2027-ci ildə başlanacaq.
Bundan əlavə, NVIDIA, Nokia və T-Mobile 6G şəbəkələrində AI əsaslı məlumat ötürülməsi texnologiyalarını sınaqdan keçirməyə hazırlaşır. NVIDIA-nın qurucusu Censen Huang bildirib ki, bu sistemlər gələcəkdə robotların idarə olunmasında və dəqiq hava proqnozlarında inqilab yaradacaq.
Eyni zamanda, NVIDIA-nın tərəfdaşı Foxconn ABŞ-nin Hyuston şəhərində yerləşən zavodunda insanabənzər (humanoid) robotların istehsalat prosesinə cəlb olunacağını təsdiqləyib. Bu robotlar NVIDIA Isaac platforması üzərində fəaliyyət göstərəcək və GR00T N modeli ilə təlim keçəcəklər.
Foxconn ABŞ-də süni intellekt serverlərinə artan tələbi qarşılamaq üçün istehsalı Viskonsin və Kaliforniya ştatlarında genişləndirməyi planlaşdırır. Şirkətin rəhbəri Young Liu bildirib:
“Biz süni intellekt üçün ən qabaqcıl məlumat emalı mərkəzi həllərini təqdim edirik və bu, müştərilərimizin AI yarışında lider qalmasına kömək edəcək.”
Mütəxəssislər isə qeyd edirlər ki, insanabənzər robotların istehsalatda istifadəsi hələ səmərəlilik baxımından mübahisəlidir, lakin bu tendensiya Tesla və Çin avtomobil istehsalçıları da daxil olmaqla bir çox şirkət tərəfindən fəal şəkildə sınaqdan keçirilir.


