Türkiyə ölkədəki epidemioloji vəziyyətin inkişafını nəzərə alaraq iyunun 1-dən Rusiya ilə hava yollarını açmağı planlaşdırır.
Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarın sözlərinə istinadən TASS məlumat yayıb.
Səfirin açıqlamasına görə, ölkəsində koronavirusla mübarizə vaksinasiya və karantin tədbirləri vasitəsilə aparılır.
O bildirib ki, Türkiyədə COVID-19-a yoluxma sayı azalıb.
Samsar qeyd edib ki, Türkiyədə aprelin 15-də koronavirusa 61,4 min insan yoluxmuşdusa, mayın 3-nə bu rəqəm 24,7 minədək azalıb.
Qeyd edək ki, Türkiyə mayın 7-dən karantin tədbirlərini sərtləşdirməyə hazırlaşır. Belə ki, yalnız ərzaq, gigiyena vasitələri və ev heyvanları üçün qida mağazaları fəaliyyət göstərəcək.
Xatırladaq ki, Rusiya Türkiyə ilə hava yollarını aprelin 15-dən iyunun 1-dək bağlayıb.