Bu gün yaz stilimizin ən vacib parçalarından biri üçün Bred Pitin unudulmaz filmi ilə keçmişə səyahət edirik.
Yəqin ki, "Döyüş klubu"nu ("Fight Club") izləmisiniz və çox bəyənmisiniz. Bred Pitin unudulmaz çıxışlarından birini bəyənməmək mümkündürmü?
Ancaq biz indi aktyorun filmdəki rolundan öncə sərgilədiyi tərz və stilə diqqət çəkmək istəyirik.
Fikir vermisinizsə, Bred Pit demək olar ki, bütün film boyu öz tərzini tamamlayan bir Havay köynəyi geyinib.
Biz də bu köynəkdən yola çıxaraq Havay model üst geyimlərini araşdırdıq.
Havay köynəkləri, bəlkə, sizi Bred Pit etməyəcək, amma üslubunuza rəng qatacaq.
Bu model köynəklər, adətən, qısaqol olub, rəngarəng çiçək və ya digər qarışıq dizaynlara malikdir.
Havay model köynəkləri daha düz şalvarlara dəstləşdirmək tövsiyə edilir. Xüsusilə, ağ və mavi cinslərin köməyi ilə ideal görünüş yarada bilərsiniz.
İpək parçadan tikilən köynəkləriniz üçün klassik şalvarlar ən yaxşı tamamlayıcı parça olacaq.
Əgər daha çılğın təbiətə sahibsinizsə və bu xüsusiyyətinizi geyimlərinizdə də göstərmək istəyirsinizsə, bu köynəklərin altına bənzər parçadan tikilən, naxışları bir-birinə zidd olmayan şortlar geyinə bilərsiniz.