Dünyanın ən böyük texnologiya sərgisi olan “CES 2020”də on minlərlə yeni məhsul nümayiş olundu. Sərgidə yer alan “Mercedes-Benz” Ceyms Kameronun məşhur “Avatar” filmindən ilhamlanaraq dizayn etdiyi yeni avtomobili “Vision AVTR”ni təqdim etdi.
Elmi-fantastika filmlərindəkilərə bənzər dizaynı ilə diqqətləri üzərinə çəkən maşının qapıları yoxdur. Avtomobil yan və çapraz hərəkətə imkan verən xüsusi təkərlər və tamamilə sükansız dizayna sahibdir. Bir digər diqqətəlayiq xüsusiyyəti isə təkrar emal edilmiş plastikdən və veqan dəridən hazırlanan salonudur.
Futuristik dizaynı ilə seçilən “Mercedes-Benz Vision AVTR”nin bütün detalları qeyri-adidir. Konsept avtomobilin içərisində ənənəvi idarəetmə vasitələrindən əsər-əlamət yoxdur. Bunun əvəzinə, bütün nəzarət mərkəzi konsoldakı işıqlı hissədən həyata keçirilir.
Sürücünün əlini üzərinə qoyması ilə aktivləşən bu sistem idarəetmə ilə yanaşı nəbz kimi bir çox biometrik ölçmə də edə bilir.
“Mercedes-Benz Vision AVTR”nin xarici dizaynında çox istifadə edilən işıqların təbiət və digər insanlarla ünsiyyəti təmsil etdiyi bildirilir. Eyni zamanda, avtomobilin arxa tərəfində 33 üzgəc yerləşdirilib. Bu üzgəclərin aerodinamikaya faydalı olduğu da verilən məlumatlar arasındadır.