Dünyanın ən bahalı avtomobilləri siyahısında ilk sıralarda olan "Bentley" müştərilərinin rahatlığı və lüks ehtiyacları üçün hər modelində bir az daha inkişaf edir, yeniliklər yaradır. Belə olduğu halda avtomobilin qiyməti də hər yeni çıxan model ilə birlikdə yüksəlir.
İngilis avtomobil istehsalçısı "Bentley Motors Limited" 1919-cu ildən bəri lüks kateqoriyasında əvəzolunmaz avtomobillər istehsal edir. Volter Bentley tərəfindən qurulan şirkət əvvəlcə motosiklet, Birinci Dünya Müharibəsindən sonra təyyarə mühərrikləri, sonra isə məşhur avtomobillərini istehsal etməyə başladı. 1931-ci ildə "Rolls-Royce" tərəfindən alındı və 1998-ci ilə qədər eyni texniki heyət bir-birinə çox oxşar modelləri sevənlərinə təqdim etdi.
1998-ci ildə "Volkswagen"ə 430 Milyon Funta satılan "Bentley" 2005-ci ildə 3654-ü ABŞ-a olmaqla, cəmi 8627 avtomobil satdı. Firmanın indiki mərkəzi və zavodu isə Mançester yaxınlığındakı Çeşir qraflığında yerləşir.
Bentley markalı bütün avtomobillər yüksək keyfiyyəti, komfortluğu, etibarlılığı ilə seçilir və eyni zamanda, qiymətləri ilə dodaq uçuqladır. Gent.az kapotun üstündəki qanadlı "B" hərfi ilə tanıdığımız markanın ən bahalı maşınlarını təqdim edir:
"Bentley Brooklands" - 540 min dollar
Yarım milyona satılan bu maşın ən bahalı modellər sırasında 10-cu yeri tutur.
"Bentley Brooklands" modeli 1992-ci ildə "Mulsanne" və "Eight" modellərini əvəz etmək üçün tam lüks bir avtomobil olaraq inşa edildi. Əvvəllər "Bentley Turbo R" modelinə ucuz alternativ olaraq istehsal edilən bu model sonradan dünyanın ən bahalı "Bentley" modellərindən biri oldu. 2008-ci ildə 6.8 litrlik V8 RWD xüsusiyyətləri əlavə edildi və saatda 296 kilometr sürətə çata biləcək bir model meydana çıxdı.
"Bentley Continental Supersports" - 550 min dollar
"Continental GT" əsasında istehsal edilən bu model markaya yeni nəfəs gətirdi deyə bilərik. Mükəmməl yumşaq dəri "Alkantara" ilə örtülmüş bu model bir salonda ola biləcək hər şeyə sahibdir.
Unikal 20 düymlük yüngül lehimli ultra yüksək performanslı təkərlər, geniş təkər tağları, əkiz elliptik quyruqlar, xüsusi metal və mat boya rəngləri onu digər modellərdən fərqləndirən əsas xüsusiyyətlərdəndir. 630 at gücünə bərabər mühərriklə "Bentley Continental Supersports" 9-cu sıranın sahibidir.
"Bentley Azure T" - 650 min dollar
Bu model 2006-cı ildə istehsal edilmişdir. "Yahoo" tərəfindən aparılan bir araşdırmaya görə, "Azure" modeli İngiltərədə ən yaxşı yanacaq istehlakına malik olan 4-cü avtomobildir.
Xarici görünüşü ilə "Bentley Mark IV" modelinə ilham verən "Azure T" modelinin mühərriki isə 6.8 litrlik V8 ikiqat turbo mühərrikdir.
"Bentley Continental Supersports Wheelsandmore Ultrasports" - 680 min dollar
"Bentley" alman avtomobil gücünü artırmaq üçün "Continental Supersport" modelini yenilədi. Nəticədə, 630 olan at gücü 702-yə yüksəldilərək bu model meydana çıxdı.
Güc artımı paslanmayan poladdan hazırlanan səsboğucu sistem və xüsusi katalizatorla dəstəkləndi. Yaranan yeni model isə qiymətinə görə 7-ci sıranın sahibi olmağı bacardı.
"Bentley Continental GT3 Convertible" - 720 min dollar
2012-ci ilin sentyabrında marka "Continental GT3 Convertible" yarış avtomobilini təqdim etdi. Bu model "Bentley"in istehsal etdiyi ən sürətli avtomobil adına sahibdir. "GT3"ün bir digər fərqli xüsusiyyəti də arxa qanadlara sahib olmasıdır. Bu qanadlar maşının dözümlülüyünü artırmaq məqsədilə əlavə olunub. Bir çox ilkləri özündə birləşdirən bu model ən bahalı modellər sırasında 6-cı yerdədir.
"Bentley Continental Supersport Convertible" - 750 min dollar
İlk dəfə 2010-cu ildə Cenevrə avtomobil sərgisində təqdim olunan bu model 280 min dollara satışa çıxarılmışdı. Bu gün isə bu qiymət 3-4 dəfə artıb. "Bentley" bu avtomobilində standart şinlərdən 10 kiloqram yüngül olan 20 düymlük yüngül lehimli disklərdən istifadə edib.
"Bentley EXP 9 F Concept" - 1 milyon dollar
İnsanlar maşın alarkən sadəcə şəhər deyil, dağ və digər çətin yollarda da idarə edə biləcəkləri modellərə üstünlük verirlər. Marka da bunu nəzərə alıb özünün ilk belə maşınını istehsal etdi. "EXP 9 F Concept" 2012-ci ildə Cenevrə avtomobil sərgisində təqdim edildi. "Volkswagen" qrupu ilə birlikdə dizayn edilən bu model siyahımızın 4-cü pilləsində öz yerini tutur.
"Bentley Continental GTZ Zagato" - 1.7 milyon dollar
"Bentley"in ən gözəl və ən diqqət çəkən avtomobili olaraq tanınan bu model dünyanın ən məşhur avtomobil emalatxanasında - italyan Karrozzeriyada istehsal edildi.
"Continental GTZ Zagato" möhtəşəm alüminium gövdəyə malikdir, bu da idman üslubunu zərifliklə birləşdirir, dinamik funksional dizaynı daha da önə çıxarır. Müasir dizaynı və qabaqcıl texnologiyası ilə fərqlənən bu avtomobil markanın ən bahalı 3-cü avtomobilidir.
"Bentley Hunaudieres Concept" - 4 milyon dollar
1999-cu ildə yaranan bu model 8.0 litrlik W16 mühərrik, 623 at gücü və 350 km sürətə malikdir. Çox unikal dizayna sahib "Hunaudieres" adının arxasında maraqlı bir hekayə gizlədir. Belə ki, bu ad "Bentley" markalı maşının 125 kilometr sürətlə "Mercedes – Benz SSK"-nı keçdiyi yolun adıdır. Rəqabətdən doğan bu maşın qiymət siyahısında 2-ci sıranın sahibidir.
"Bentley Rapier" - 4.5 milyon dollar
Nəhayət, markanın ən bahalı avtomobilini tanıyın. Bu modeli hər kəs asanlıqla əldə edə bilməz. Məhz bu xüsusiyyəti də onu öz kateqoriyasında birinci edir. "Rapier" özəl olaraq markanın sevimli alıcılarından olan Bruney sultanı üçün hazırlanmışdır. O, 6.75 litr həcmli V8 Garrett özəlliklərə sahib turbo yüklənməmiş katalizator mühərrik, əkiz hava yastığı və sağ sürücü oturacağına sahibdir. Ümumi sürəti 255 km/saat olan bu "Bentley" modelinin sürəti 6.1 saniyədə 0-dan 100-ə çatır.