7 Sentyabr saat 22:00-dan 8 sentyabr saat 3:00 - dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətlərindən daxil olan birgə məlumata görə, bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.