Bu çubuqlarla yeməklərə az miqdarda duz dadı qataraq gündəlik duz qəbulunu məhdudlaşdırmaq hədəflənir.
Gent.az xəbər verir ki, dünyada bir ilk olaraq təsvir edilən ixtira elektriklə stimullaşdırılan çubuqlar və biləyə quraşdırılmış mini kompüterdən ibarətdir.
Yapon qida nəhəngi Kirin ilə ortaq şəkildə hazırlanmış çubuqlar əslində sadə bir sistemə əsaslanır. İnsana zərər verməmək üçün zəif elektrik cərəyanı verilən çubuqlar qidanın tərkibindəki natrium xlorid və natrium glutamat ionlarını ağıza ötürərək, süni duz hissi yaradır.
Yapon yeməkləri dünyada sağlam hesab edilsə də, burada miso və soya sousu kimi yüksək duzlu inqrediyentlərin tez-tez və çox istifadə edildiyi həqiqətdir. İş o yerə çatıb ki, bir yaponiyalının gündəlik duz qəbulu olan 10 qram duz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qramdan iki dəfə çoxdur. Yaponiya hökuməti duzun miqdarını kişilər üçün 7,5 qram, qadınlar üçün isə 6,5 qrama endirməyi hədəfləyir.
Çox duz istehlakı infarkt və insultun ən mühüm səbəbi olan qan təzyiqini yüksəldir.(Sfera.az)