Bu yaxınlarda sosial platformaların birində "Netflix"in ən yüksək büdcəli şah əsərlərindən biri olan "Tac" (“The Crown”) haqqında oxuyarkən gördüm ki, bir çox insanlar serialların bəzi hadisələri ardıcıllıqla düzgün əks etdirmədiyini, zamanlarda səhvlər və fərqlər olduğunu, hətta bəzi səhnələrin tarixdə heç bir fakta əsaslanmadığı üçün doğru olmadığını düşünürlər. Bu zaman bir daha bədii və sənədli film arasındakı fərqin, reallıq və xəyalın arasındakı incə xəttin və canlı həqiqət ilə ötürülən reallıq arasındakı pərdənin fərqinə vardım. Əlbəttə ki, hadisələri olduğu kimi əks etdirmək bir gözləntidir, amma bütün gözləntilər kimi bəzən o da yerinə yetirilməməyə məhkumdur.
Bu gözlənti ilə kitablar əsasında çəkilən serial və filmlərdə tez-tez qarşılaşırıq. Ancaq bu nöqtədə özümüzə xatırlatmalıyıq ki, kitab bizə müəllifin təsəvvürünü və onun əsasında yaratdığı həqiqəti təqdim etsə də, film, serial, tamaşa rejissorun həmin təsəvvür və reallığa əsaslanaraq yaratdığı yeni bir perspektivi göstərir.
Bəs bu zaman yumurta-toyuq məsələsindəki kimi hansının daha əvvəl gəlməli olduğunu düşünməliyik, yoxsa hər ikisindən zövq almalıyıq?
Bu qərarı verəndə sizə yol göstərməsi üçün kitablar əsasında çəkilən serial və filmlərdən ibarət siyahı hazırladıq.
Bəlkə, onlardan bəzilərini izlədiniz, amma kitabını oxumadınız, bəlkə də, tam tərsi.
"Millenium" trilogiyası (“Millenium” trilogy)
Yəqin ki, hər kəsin "Əjdaha döyməli qız" kimi tanıdığı kitabdan (sonralar film) başlayaq.
Bu kitabın müəllifi İsveç yazıçısı Stiq Larssondur. Kitab 2002-ci ildə nəşr olunmağa başlayıb və qısa müddət ərzində məşhurlaşıb, eyni zamanda yazıçının ən çox satılan kitabıdır. Yazarın ölümündən sonra 2005-ci ildə ingiliscə versiyası "The Girl with the Dragon Tattoo" ("Əjdaha döyməli qız") adı ilə yayımlanan kitab 2009-cu ildə İsveç, 2011-ci ildə ABŞ tərəfindən ekrana uyğunlaşdırılmışdır.
Lakin bir maraqlı məqam var ki, kitabın orijinal versiyasında nə qızdan, nə də əjdaha döyməsindən söhbət gedir.
Hər iki film də IMDB-də yaxşı nəticə göstərsə də, kitabdakı hadisələrin yarısını belə əks etdirmir.
Ssenaridəki dəyişikliklər, əlavə olunmayan personajlar bəzi oxuyucuların canını sıxsa da, cinayət, dram, sirr janrını sevən tamaşaçılar üçün problem deyil, çünki filmlər bu sahədə gözləntiləri kifayət qədər qarşılayır.
Əgər, İsveçin tarixi, sosial, siyasi, iqtisadi vəziyyəti ilə bağlı daha çox məlumat əldə etmək istəyirsinizsə, kitabı oxuyun. ABŞ və İsveç filmləri arasındakı fərqləri görmək üçün filmləri izləmək də əyləncəli olacaq.
"İlk oyunçu hazırlaşsın" ("Ready player one")
Ernest Klin tərəfindən yazılan və ilk dəfə 2011-ci ildə nəşr olunan "İlk oyunçu hazırlaşsın" bizi 2045-ci ildə kitabın baş qəhrəmanı Vayd Vattsın dünya səviyyəli virtual reallıq oyunundakı kəşfi onu oyun yaradıcısının sərvətini miras almaq üçün Pasxa yumurtasının axtarışına sövq edir.
Stiven Spilberqin 2018-ci ildə rejissorluğunu etdiyi film isə IMDB-də yüksək bal toplamasına baxmayaraq, kitabın pərəstişkarları tərəfindən bəyənilmədi.
"HuffPost"un “böyüklərin Harri Potteri” adlandırdığı əsər 2018-ci ildə bir kompüter oyununa da çevrildi. Hekayənin davamı olan "İlk oyunçu hazırlaşsın 2"nin isə bu ilin noyabr ayında təqdimatının keçirilməsi planlaşdırılır.
Kitabın ekrana uyğunlaşdırılan forması hekayənin ana xəttini, detallı izah və vaxt oyununu yansıtmasa da, elmi fantastika/distopiya macərası üçün təsirli bir hekayə təqdim edir.
Bunu da qeyd edək ki, "İlk oyunçu hazırlaşsın" kitab-film sırasının əhəmiyyət daşımadığı nadir hekayələrdən biridir. Hər iki versiyadan zövq alacaqsınız.
"Simondan sevgilərlə" (“Love, Simon”)
2018-ci ildə "20th Century Fox" tərəfindən hazırlanan "Simondan sevgilərlə" homoseksuallığı komediya ünsürü kimi deyil, dram formasında təqdim edən və böyük bir şirkət tərəfindən hazırlanan ilk filmdir.
Film 2015-ci ildə nəşr edilən "Simon vs. the Homo Sapiens Agenda" kitabından ilhamlanaraq çəkilib.
Hekayə bizi olduqca normal bir Amerika qəsəbəsinə aparır və həmin qəsəbədə böyüyən, gəncliyə addım atan və özünü kəşf etmə problemi yaşayan məktəbli oğlan ilə tanış edir.
Kitab Amerikada bir çox ədəbiyyat mükafatını qazanıb, eləcə də bu məsələdə problem yaşayan gənclərə ilham qaynağı olub. Film isə az büdcə ilə çəkilməsinə baxmayaraq, çox insan tərəfindən sevilib.
Filmin bu dərəcədə uğur qazanmasının başlıca səbəbi baş rolu, Simon rolunu ifa edən aktyorun qabiliyyəti oldu.
Film o dərəcədə sevildi ki, televiziyada da göstərilməyə başladı, 2020-ci ilin iyununda "Viktordan sevgilərlə" adı ilə serial formatında "Hulu"da yayımlandı. Hekayə burada da uğur qazandı və ikinci sezonun çəkilməsi təsdiq edildi.
Əgər kitabı oxumusunuzsa, Nik Robinsonun aktyorluğu üçün filmə də baxmağı tövsiyə edirik.
"Möcüzə" (“Wonder”)
Siyahımıza motivasiya filmi ilə davam edirik.
Baş rollarını Oven Vilson və Culia Robertsin paylaştığı, gənc, bir o qədər də bacarıqlı Yakob Trembley, İzabela Vidovic, Noah Jupe ve Daniyel Roz Russellin onları müşayiət etdikləri "Möcüzə" filmi sizə dərindən təsir edəcək, göz yaşlarına boğacaq.
Film 2012-ci ildə çap olunan eyni adlı kitab əsasında çəkilib. Kitab 30-dan çox dilə tərcümə olunub və 5 milyondan çox satılıb. Film isə IMDB-də 8.0 xal alıb, 305 milyon dollar gəlir əldə edib.
Kitab uşaq kateqoriyasına aid olsa da, hər yaşdan olan insanın oxuması lazımdır. Kitabda dövrümüzün əsas mövzuları empatiya və fərqindəlilik yaxşı işlənilib.
"Yaşılın qızı Anna” ("Anne with an E")
"Netfliks Kanada" tərəfindən çəkilən serial kanadalı yazar Lusi Maud Montqomery tərəfindən yazılan "Anne of Green Gables" ("Yaşılın qızı Anna") kitabına əsaslanır. Bu kitab ilk dəfə 1919-cu ildə səssiz bir şəkildə filmə çevrilib, amma yazarın təsdiqini almayıb. 1934-cü il versiyası isə əvvəlkinə nisbətən çox daha bəyənilsə də, kitabın ruhunu daşımadığı dəfələrlə qeyd olunub. 1989-cu ildə isə yapon animasiyası formasında sevənlərinə teqdim edilib.
Aralarında "BBC" və "CBC" kimi böyük kanal və yayım şirkətlərinin də olduğu bir çox qurum dəfələrlə bu balaca kanadalı qıza həyat verməyi sınayıb. Bunlardan ən uğurlusu isə bizim də bu gün qeyd etdiyimiz "CBC"-"Netflix" ortaq istehsalıdır.
Annanın hekayəsini yazıldıqdan 100 il sonra da aktual saxlayanın nə olduğunu bilmək istəyirsinizsə, birinci kitabı oxuyun, sonra ekran işlərinə göz gəzdirin.