Toydan öncə hər bir kişi bu analizləri verməlidir – 2-3 ay vaxtınız var
Nikahdan öncə cütlüklər hər ikisi dövlət tərəfindən təyin edilmiş bəzi tibbi müayinələrdən keçir. Bura daha çox QİÇS, İİV, talassemiya və hepatit virusları analizləri daxildir. Lakin təcrübə göstərir ki, bu analizlər yetərli deyil.

Gent.az kişilərin toydan sonra bəzi qorxulu virus və xəstəlikləri qadına keçirdiyini, bundan sonra sonsuzluq probleminin yarandığını nəzərə alaraq, hər bir bəyin toydan ən azı 2 ay öncə verəcəyi analizləri təqdim edir. Bunlar bəzi virus və infeksiyalara qarşı analizlərdir.
- Hər bir kişi toydan öncə 5 əsas cinsi infeksiyadan analiz – yaxma analizi verməlidir
- Eləcə də hepatit C, B, A yoxlanmalıdır
- Qanın ümumi analizi, talassemiya və daşıyıcılığı analizi
- Spermoqramma- spermanın keyfiyyəti, sayı
- İnsan papiloması virusu – kişilərdə ziyillər, papilomalar şəklində cinsi orqan ətrafında olur. Təəssüf ki, bu virus toydan sonra cinsi əlaqə ilə qarşı tərəfə keçdikdə onun bədənində gələcəkdə xərçəng önü vəziyyət yaradır
- Eləcə də bir neçə ciddi genital göbələk analizi
- Sidik analizi
- Daxili orqanlar və sidik sisteminin USM müayinəsi
- QİÇS (SPİD), sifilis və s.
Bütün bu analizləri toydan minimum 2-3 ay əvvəl vermək lazımdır ki, bir şey aşkarlanacağı təqdirdə müalicəyə vaxt qazanılsın.
Əgər kişidə hepatit, QİÇS, HİV, ciddi infeksiya aşkarlanarsa, bu barədə evlənəcəyi qadına məlumat verməli və bir müddət qoruyucu ilə əlaqə olmalıdır. Ya da heç kimə bir şey demədən nikahdan imtina edə bilər.
Əgər hepatit çıxarsa, qadın Hepatitə qarşı peyvənd olunub, özünü qoruya bilər. Bütün bunlar üçün toydan öncə ən azı 3 ay vaxt lazımdır. Nəzərə alın ki, Azərbaycanda gənc qızların çoxu toya qədər intim münasibətdən uzaq olur, onlarda ciddi infeksiyalar rast gəlinmir. Ona görə də gələcəyin qadını və anasını toyun ilk günündən ağır xəstəliklərə yoluxdurmaq ciddi səhvdir və qarşı tərəfin hüquqlarını pozmaqdır.






