Qısqanclıq bir çox insanın həyatına təsir edib narahatlıq doğuran duyğulardan biridir. Bu hiss özü ilə bərabər çox zaman qəzəb, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular gətirir.
Qısqanclıq ölümlə şəhvət, cəhənnəmlə cənnət arasındakı ən təhlükəli sərhəddir deyiblər. Çünki qısqanclıqla yaranan sahib olmaq hissi münasibətləriniz üçün zərərli ola bilər. Bu münasibətlərə sevgi, dostluq, hətta övlad-valideyn münasibətləri də daxildir. Bu məqaləmizdə sizin üçün qısqaclığın əslində nə demək olduğunu, nəyə işarə etdiyini araşdırdıq:
Qısqanclıq özünəinam hissinin azlığını göstərir
Münasibət zamanı qısqanc davranan qarşı tərəf hər kəsin özündən daha gözəl, daha ağıllı, daha müvəffəqiyyətli ya da daha cazibədar olduğunu düşünür. Sevdiyi insanı itirmək qorxusu ilə yaşayır və bu səbəbdən ona davamlı nəzarət etməyə çalışır. Sevdiyiniz insanı davamlı olaraq qısqanırsınızsa, sizin üçün tək yol özünəinam hissinizi artırmaqdır. Hamımız özünəinamı yüksək insanların nə qədər cazibədar olduğunu görürük. Özünəinam hissinizin yüksək olduğu müddətdə sevdiyiniz insanın gözü onsuz da sizdən başqasını görməyəcək.
Qısqanclıq münasibətdə olduğunuz insana güvənmədiyinizi göstərir
Hər kəs həyatında bir dəfə eşq əzabı çəkib. Belə vəziyyətlə qarşılaşdığımız zaman harada səhv etdiyimizi düşünürük. Yeni münasibətimizdə isə birlikdə olduğumuz insana güvənməyə çətinlik çəkirik və ona güvənənə qədər davranışlarına nəzarət edirik. İnam iki insanı bir-birinə bağlayır. Şübhə isə, iki insanı bir-birindən uzaqlaşdırır.
Qısqanclıq insanın özünün xəyanətkar olmasına işarə edir
Bəzən özü xəyanət edən insanlar hər kəsi özləri kimi görürlər, xəyanətlərinin yanına qısqanclığı da əlavə edib qarşı tərəfin daha çox əziyyət çəkməsinə səbəb olurlar. Qısqanclığın həmişə real və ya uydurulmuş əsası var. Real deyəndə həyat yoldaşının fərqli, şübhə doğuran davranışı nəzərdə tutulur. Uydurulmuş halda isə qısqanclığın qaynağı qorxudur. Bu isə onun özünün mənfi xüsusiyyətlərə sahib olmasına işarə edir.
Qısqanclıq insanın cinsindən, xarakterindən, insanın şəxsi əqidəsindən asılı olaraq müxtəlif cür yaranır.
Qısqanclıq psixoloji problemin əlamətidir
Şübhə insanı içdən-içə yeyən bir hissdir. Qısqanc insan yalnız həmcinslərinə deyil, hər kəsə və hər şeyə şübhə ilə yanaşır. Sevdiyi insanın olduğu hər mühiti və qarşılaşdığı hər insanı da rəqib olaraq görür. Münasibətinizdə “Hardasan?”, “Kiminlə danışırsan?”, “Kiminlə mesajlaşırsan?”, “Niyə onunla görüşürsən?” kimi suallar çox soruşulursa, diqqətli olmalısınız. Unutmayın ki, iki insan arasındakı əlaqəni artıran insanın azad şəkildə inkişafı, yetkinləşməsi və birlikdə olduğu insanla yeni təcrübə qazana bilməsidir.
Qısqanclığın müsbət tərəfi də var
Qısqanclıq qədərində olanda bu, normal haldır və münasibəti korlamır. Bəzi tədqiqatların nəticələrinə görə, sağlam qısqanclıq sağlam rəqabət yaradır, inkişafa səbəb olur. Bəzən monotonlaşmış münasibətlərə həyəcan qatır, həyatınızdakı insanın sizin üçün hələ də dəyərli olduğunu xatırladır. Qısaca ifadə etsək, sevgini gücləndirir. Lakin unutmayın, söhbət sizi məhdudlaşdırmayan, bezdirməyən, emosional gərginlik yaşatmayan qısqanclıqdan gedir.
Qeyri-sağlam qısqanclıq hiss edəndə qarşı tərəf ilə danışmaq, psixoloji dəstək almaq mütləqdir. Çünki qısqanclıq ən təhlükəli zəhərdən də betərdir, zəhər sadəcə sizi, qısqanclıq isə həm sizi, həm də başqasını zəhərləyir.
Həyatınızı qısqanclıq hissi ilə doldurmayın. Sadəcə özünüzə dəyər verin və həyatda olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın!