Novruz bayramının ənənələrindən biri də yumurta boyamaq, boyanmış yumurtalarla xonça bəzəmək və yumurta döyüşdürməkdir.
Maraqlıdır, boyanmış yumurtalar nə zaman təhlükə yarada bilər?
Gent.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, əsl adət-ənənələr elə keçmişdə qalıb. Müsahibimizin sözlərinə görə, əvvəllər yumurtalar təbii boyalarla rənglənirdi:
“Məsələn, soğan qabığı, ispanaq, kök, çuğundur suyunu buna misal çəkə bilərik. Təəssüf ki, bu gün daha asan yollarla yumurta boyanır. Buna kimyəvi qatqı maddələri olan boyaları və ya plastik örtüklü yumurta boyasını misal çəkmək olar. Diqqət edirsinizsə, yumurtanı soyarkən ətli hissəsinə boyanın nüfuz etdiyini görürük. 40 mindən çox məsaməsi olan yumurtaya boyanın bu vasitə ilə nüfuz etməsi də təsadüfi deyil. Belə olduqda, həmin kimyəvi maddələr yumurtanın içinə nüfuz etmiş olur, bu da zəhərlənməyə yol aça bilər. Əsl təbii vasitələrlə boyanan bayram yumurtası isə tam təhlükəsiz hesab olunur. Ancaq diqqət edəcəyimiz məqamlar da var - boyanan yumurtanın qabığında çat olmamalı və boyandıqdan sonra xonçada uzun müddət saxlanılmamalıdır”.
Ekspert bildirib ki, ölkəyə idxal olunan kimyəvi tərkibli boyaların yumurtalara heç bir faydası yoxdur:
“Bu boyaların istehsalında bəzi kimyəvi maddələrdən istifadə olunur ki, onların bəziləri dünyanın bəzi ölkələrində qadağan edilib. Bura misal olaraq, E133 (rəngləndirici) qatqı maddəsini misal çəkmək olar. Bu maddə kömür qətranından əldə edilir. Adı çəkilən maddənin siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində beyin şişlərinə səbəb olması təsdiqini tapıb. Bu maddə Belçika da başda olmaqla, Fransa Avstriya, Norveç və.s ölkələrdə də qadağan olunub. İstifadə edilməməli olan süni qida boyaları sırasında E171 , E122, E124 qatqı maddələri də yer alır. Nə qədər ki, torpaqdan, adət-ənənələrdən, milli dəyərlərdən uzaq düşəcəyik, bir o qədər sağlamlığımızdan uzaqlaşmış olacağıq”.