Siqareti tərgitməyin asan və təbii yolları

Məsləhət2 dəq oxu
Siqareti tərgitməyin asan və təbii yolları

Sağlam bir bədənə sahib olmaq üçün sağlam yaşamağa diqqət etməli və sağlamlığımızın dostunu, düşmənini tanımalıyıq. Vacib düşmənlərimizdən biri olan tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Cəmiyyətimizdə siqarət çəkənlərin böyük əksəriyyətini kişilər təşkil edir. Həmsöhbət olduğumuz kişilər bu vərdişə yeniyetmə və gənc yaşlarında ətraf mühitin təsiri ilə yiyələndiklərini etiraf edirlər. Yaşa dolduqca kişilər ya bu vərdişlərinə davam edirlər, ya da siqaretin ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olduğunu bilib tərgitməyə çalışırlar. 

“Siqareti tərgitmək istəyirəm, ancaq nə edim, bilmirəm” deyən bəylər diqqətli olsunlar. Belə ki, siz bu məqalədən siqareti tərgitməyin ən asan və təbii üsullarını öyrənəcəksiniz.

Siqaretdən əvvəl süd için 

Siqaret çəkmədən öncə süd içərək onun dadının nə qədər bərbad olduğunu daha yaxşı başa düşəcəksiniz. 

209 siqaret aludəçisi ilə birlikdə aparılan bir araşdırmaya görə, kişilərin böyük əksəriyyəti siqaretin qəhvə, alkoqol və ət istehlak etdikdən sonra zövq verdiyini, süd məhsulları və meyvə suyundan sonra isə iyrənc dadı olduğunu düşünürlər. 

Siqaret çəkməyin, badam yeyin

Hər gün yalnız bir ovuc badam yeyərək siqaretdən uzaq qala bilərsiniz. 

Çində aparılan bir araşdırmada badam yeməyin stress səbəbilə siqaret çəkən kişilərə kömək etdiyi məlum olub. Çünki badam yemək stress səviyyəsini aşağı salır və xərçənglə mübarizə aparan antioksidanları 35% artırır.

Diqqətinizi yayındırmağa çalışın

Əgər siqaret çəkmək istəyiniz gəlirsə, beyninizi məşğul etməyə çalışın. Bu zaman su, çay, kofe içə, alma və ya nanəli konfet yeyə, saqqız çeynəyə bilərsiniz. Əlavə qida qəbul etməyi doğru hesab etmirsinizsə, diş çöpü ilə başınızı qatmaq da effektli olacaq.

Qərarınıza sadiq qalın

“Hər ehtimal üçün” saxladığınız siqaret qutusu varsa, onu atın, çünki o sizə gərək deyil. Əlavə siqaretin olduğunu bilmək sizi onu çəkməyə məcbur edəcək. Özünüzə inamlı olun. 

İdman çıxış yolu ola bilər

Gün ərzində nə qədər hərəkətli olsanız, bu, bir o qədər siqaretə ayırdığınız vaxtı azaldacaq, sizə gümrahlıq hissi verəcək. Hətta bir ay ərzində siqaretə xərclədiyiniz məbləği hesablayıb o pulla idman zalına gedə bilərsiniz. 

“Yox” deməyi öyrənin

Siqaret çəkən dostlarınız sizə də bunu təklif edəcəklər. Bu isə sizin üçün işləri bir qədər çətinləşdirəcək. Yaxşı olar ki, əhatənizdə olan hamıya qərarınızı açıqlayasınız. Beləliklə, həm dəstəkçilər qazanacaqsınız, həm də belə təkliflərdən müəyyən qədər uzaq olacaqsınız. Hətta ətrafınızda siqarət çəkən insanlar varsa, onları da tərgitməyə həvəsləndirə bilərsiniz. Bu, sevdiklərinizin də sağlam olmasına kömək edəcək və uzun yolda özünüzə yoldaş qazanmış olacaqsınız. Tək olduğunuzu bilməmək mənəvi cəhətdən sizi rahatlaşdıracaq.

Qeyd etdiyimiz və edə bilmədiyimiz heç bir üsul sizə kömək olmursa, həkimə müraciət etmək barədə düşünməlisiniz. Siqaret aludəçiləri üçün psixoterapevtik, psixoloji metodlardan ibarət kompleks müalicə kursları və dərmanlar mövcuddur.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan