Saç tökülməsinin başlıca səbəbləri

Gur saçların həm qadınlar, həm də kişilər üçün gözəllik simvolu olduğu hər kəsə məlumdur. Saç üz quruluşunuzu, ümumi görünüşünüzü tamamlayan ən əsas amildir. Bəs saçın kişilər üçün başqa mənalar ifadə etdiyini də bilirsinizmi? Hələ qədim Yunanıstanda gur saçlar gücü, gözəlliyi və daxili aləmin zənginliyini simvolizə edirdi. Məhz buna görə də, yunan allahları Zevs, Yupiter, Apollon həddən artıq gur saçlarla təsvir olunurdu. Bibliyada da deyilir ki, David və Samson qüvvətli olmaları və öz gur saçları ilə seçilirdi, Samsonun saçları töküldükdən sonra isə o, öz gücünü itirir. Müdrikliyi ilə yaddaşımızda qalan Dədə Qorqudun da uzun saçlı göstərildiyi bir həqiqətdir.
Məsələ belə olduqda saç tökülməsi də kişilərin kabusuna çevrilir. Bu problemi aradan qaldırmaq üçün ilk növbədə, səbəbini araşdırmaq, sonra isə təbii üsullarla və ya həkim köməyi ilə tökülmənin qarşısını almaq lazımdır.
Kişilərdə saç tökülməsinin səbəbləri nələrdir?
Tibbdəki adı androgenetik tip allopesiya olan saç tökülməsinin müəyyən səbəbləri var. Bu səbəblərə tibbi, ekoloji problemlər, genetik faktor, tiroid bezinin, qalxanabənzər vəzinin nizamsız işləməsi, anemiya, problemli baş dərisi, dəmir çatışmazlığı və hormon pozuntuları daxildir. Başqa çox vacib səbəb isə dəri altındakı yağ bezlərinin həddindən artıq sekresiyasıdır. Eyni zamanda, qan xərçəngi, diabet və yuxarı tənəffüs yollarının xəstəlikləri də saç tökülməsinə səbəb olur.
Saçlara düzgün qulluq edilməməsi, səhv qidalanma və zərərli vərdişlər də dolayı səbəblərdəndir.
Qan və hormon testləri təmiz çıxan kişilərdə başlıca səbəb gündəlik həyatları ilə bağlı olur. Vitamin çatışmazlığı, siqaret çəkmək problemə səbəb olan ilk amillərdir.
Hava çirkliliyi də ən azı digərləri qədər önəmli faktordur. Buna görə, saç tökülməsinə səbəb olmayan şampunlarla mütəmadi olaraq saçları təmizləmək lazımdır. Baş dərisi təmiz olduğu müddətdə saçlar hava alır və daha canlı olur. Hava almayan və lazımi vitaminləri qəbul edə bilməyən saçlar zəifləyir və tökülməyə başlayır.
Saç tökülməsinin hansı mərhələləri var?
Kişilərdə saç tökülməsi müəyyən mərhələlərlə baş verir. İlk 3 mərhələdə saç hər iki yandan başlayaraq tökülür, geriyə doğru tökülmə davam edir. Bəzən tökülmə bu nöqtədə dayanır, bəzən də proses daha çox sürətlənir. 4-cü mərhələdə başın arxa təpə tərəfində tüklər seyrəkləşir və tökülməyə başlayır. 5,6,7 və ən son 8-ci mərhələdə tökülmə başın arxa təpəsindən önə doğru gəlir. Ön hissədəki tökülmə arxa hissədən gələn ilə birləşir, nəticədə, sadəcə yanlar və arxada saç qalır. 5-ci mərhələyə qədər tökülməsinin qarşısını almaq şansınız var, ancaq sonrakı mərhələlərdə cərrahi müdaxiləyə ehtiyac yaranır. Cərrahi müdaxilə dedikdə nəzərdə tutduğumuz saç transplantasiyası, digər adı ilə saç əkimidir.
“Bizim nəsildə var, ata-babalarımın da saçı tökülürdü” deyərək bu problemi ciddiyə almamaq işləri sadəcə çətinləşdirə bilər. Əgər bu günə qədər bu yalnışı etmisinizsə, elə indidən başlayaraq müxtəlif təbii üsulları yoxlaya, həkim məsləhəti ala bilərsiniz. Özünüzə olan inamın itirilməsinə saçlarınız səbəb olmasın!







